“Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə” Mədəniyyət

“Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə”

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu dövlətin siyasi elitasına daxil olan şəxslərin xaricdə milli-azadlıq və dövlət müstəqilliyinin bərpası uğrundakı ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonrakı dövrdə, həmişə diqqət mərkəzində olsa da tariximizin bu səhifəsi nisbətən az öyrənilib.
Bu günlərdə TEAS Press Nəşriyyat evi tərəfindən nəfis tərtibatda nəşr edilən "Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə" adlı kitab bu boşluğu doldurmaq baxımından müstəsna əhəmiyyətə malikdir.
Kitabın həmmüəllifləri tanınmış azərbaycanlı diplomat və ictimai xadim Ramiz Abutalıbov və gürcü tarixçisi Georgi Mamuliyadır.
Kitab elmi ictimaiyyətin üzünə bu günə qədər də qapalı olan qiymətli arxiv materialları əsasında yazılıb. Bu fundamental əsər Azərbaycan sovet Rusiyası tərəfindən işğal ediləndən sonra ölkəni tərk etmək məcburiyyətində qalan Xalq Cümhuriyyəti qurucularının, I respublikanın siyasi elitasında təmsil olunan ictimai-siyasi və dövlət xadimlərinin xaricdə dövlət müstəqilliyinin bərpası uğrundakı mübarizəsinin ümumi mənzərəsini yaratmaq sahəsində ilk cəhddir.
Mühacirətdəki Azərbaycan siyasi partiya və təşkilat rəhbərlərinin Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi təmsilçiləri ilə təmaslarına və qarşılıqlı münasibətlərinə, avropalıların Azərbaycanın, bütövlükdə Qafqazın müstəqilliyinin bərpa olunmasına XX əsrin 20-40-cı illərində böyük maraq göstərməsi faktına bu kitabda xüsusi diqqət yetirilib.
Azərbaycan mühacirətinin siyasi tarixi həmin dövrdəki mövcud beynəlxalq siyasi-diplomatik vəziyyət kontekstində təhlil və təqdim edilir. Azərbaycan milli-azadlıq hərəkatı rəhbərlərinin o dövrdə bu və ya digər vacib, bəzən də qeyri-standart qərarlar qəbul etməsinin gerçək səbəbləri həmin ictimai-tarixi şərait fonunda açıqlanaraq müfəssəl surətdə izah olunub.
Siyasi mühacirətin fəaliyyətinin həddən artıq ağır şərtlərinə rəğmən Qafqazın digər xalqlarının təmsilçiləri ilə necə sıx qarşılıqlı əlaqə halında və mütəşəkkil fəaliyyət göstərməsi, birgə təşkilati strukturlar yaratması, öz aktuallığını bu gün də itirməyən inteqrasiya layihələri işləyib hazırlaması bu fundamental əsərdə konkret tarixi faktlar əsasında təsvir edilib.
Müəlliflərin həm Əlimərdan bəy Topçubaşovun (Paris, Fransa) şəxsi arxivində, həm də digər şəxsi və dövlət arxivlərində qorunan çoxsaylı tarixi sənədlər və qiymətli materiallar əsasında qələmə aldığı "Odlar yurdu azadlıq və müstəqillik uğrunda mübarizədə" kitabı ötən əsrin birinci yarısında baş verən dramatik hadisələri unikal üslubda, bir qədər də siyasi romantizm fonunda işıqlandırır. Odlar yurdunun müstəqilliyi və azadlığı uğrunda ilk baxışda ümidsiz və nəticəsiz görünən siyasi mübarizəsini davam etdirən Azərbaycan milli-azadlıq hərəkatı liderlərinin parlaq obrazı oxucuların gözü önündə bütün cizgiləri ilə canlandırılır.
Əsərdə qırmızı xətlə keçən ana fikir budur: bu mübarizə hansı formanı alırsa alsın, əsərin əsas qəhrəmanları hansı siyasi kombinasiyaların episentrində dayanırsa dayansın, onların bütün addım və hərəkətlərinin, bütün fəaliyyətinin və qərarlarının əzəli mübtədası Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə idi. Bu mübarizə tarixi perspektivdə qələbə ilə, SSRİ-nin süqutu və müstəqil, azad, suveren Azərbaycan Respublikasının yaranması ilə nəticələndi.
Kitab tarixçi tədqiqatçılar, tələbələr, Azərbaycan tarixinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.