
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.
Trampın rəsmi “Truth Social” hesabında paylaşdığı material “Breitbart News”un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb.
“Breitbart News”un məqaləsində IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı dövlət başçısının rəsmi sosial media hesablarından yayılıb.
Prezident İlham Əliyev: Tramp sülhü imkan kimi görür
“Prezident İlham Əliyev Trampı "sülh adamı" adlandırıb və Ermənistan-Azərbaycan razılaşmasına görə ona minnətdarlığını bildirib” başlıqlı məqalədə Prezident İlham Əliyevin “Breitbart News”un sualını cavablandırarkən ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rola xüsusi qiymət verməsi ön plana çıxarılır.
Prezident bildirib ki, əvvəlki ABŞ administrasiyaları təxminən otuz il ərzində münaqişəni həll etmək əvəzinə onun dondurulmuş vəziyyətdə saxlanmasına üstünlük veriblər.
"Donald Tramp sülhü sevən insandır. O, sülhə imkan kimi baxır", – Prezident İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Azərbaycanın narahatlıqlarını düzgün anlayıb, Ermənistan rəhbərliyini sülhün hər iki dövlət üçün faydalı olduğuna inandırmağa çalışıb və nəticədə "sülhü mümkün edən bir çərçivə yaradıb".

Ağ Ev sammiti həlledici mərhələ olub
Prezident İlham Əliyev ötən ilin avqustunda Ağ Evdə keçirilən tarixi görüşü də xatırladıb.
Həmin sammitdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Liderlər Birgə Bəyannamə imzalayıb, xarici işlər nazirləri isə sülh sazişini paraflayıblar.
Bununla yanaşı, razılaşmanın icrası üçün ABŞ və Azərbaycanın birgə işçi qrupu yaradılıb.
Prezident İlham Əliyevin sözlərinə görə, məhz bu mexanizm Vaşinqtonun razılaşmanın həyata keçirilməsinə ciddi yanaşdığını göstərib.
"Amerikalılar ilk dəfə sözlərinə belə dəqiq əməl etdilər"
Prezident İlham Əliyev Tramp administrasiyasının razılaşmaların icrasında nümayiş etdirdiyi yanaşmanı da xüsusi vurğulayıb:
"Mənim təcrübəmdə ilk dəfə idi ki, Amerika rəsmiləri verdikləri sözə bu qədər dəqiq əməl edirdilər".
Dövlət başçısının sözlərinə görə, məhz bunun nəticəsində Azərbaycan və ABŞ arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub.
Strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib
Prezident İlham Əliyev bildirib ki, sülh razılaşmasının uğurlu icrası daha sonra Vaşinqton və Bakı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasına yol açıb.
Prezident münasibətlərin hazırkı vəziyyətini belə qiymətləndirib: "Bu, heyrətamizdir. Bu, inanılmazdır. Bu, yalnız arzulaya biləcəyimiz bir şey idi".
O diqqətə çatdırıb ki, ABŞ-Azərbaycan münasibətləri tarixdə görünməmiş səviyyəyə yüksəlib.
Əvvəlki administrasiyalara tənqid
Prezident İlham Əliyev çıxışında əvvəlki ABŞ administrasiyalarının siyasətini də tənqid edib.
Dövlət başçısı bildirib ki, həmin administrasiyalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına üstünlük verirdilər.
Prezident İlham Əliyev Əliyev qeyd edib ki, Co Bayden hələ senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaları dəstəkləmişdi və bu yanaşma uzun illər Vaşinqton-Bakı münasibətlərinə mənfi təsir göstərmişdi.
Onun fikrincə isə Donald Tramp dövründə münasibətlər "pik həddə" və "görünməmiş səviyyəyə" çatıb.
Uitkoff və Laytstouna təşəkkür
Prezident İlham Əliyev çıxışının sonunda ABŞ Prezidenti Donald Trampa və onun komandasına minnətdarlığını bildirib.
O, xüsusilə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Ari Laytstounun Azərbaycan-Ermənistan sülh prosesində mühüm rol oynadıqlarını vurğulayıb.
Trampın bu materialı şəxsi “Truth Social” hesabında paylaşması Ağ Evin Cənubi Qafqaz siyasətinə və Azərbaycanla strateji tərəfdaşlığa verdiyi önəmin növbəti göstəricisi kimi qiymətləndirilir.