11:47
1 302
Cənubi Koreya hakimiyyət orqanları 14 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması imkanını nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Kütləvi Kommunikasiya və Rabitə Komissiyasının sədri Kim Çon Çhol bəyan edib.
"Biz 14 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab yaratmaq imkanlarını məhdudlaşdırmağı, həmçinin 14-19 yaşlı yeniyetmələrin bu cür platformalardan həddindən artıq istifadəsinə rəvac verən alqoritmlərin təsirini azaltmağı nəzərdə tutan planı nəzərdən keçiririk", — deyə "Yonhap" agentliyi komissiya sədrinin sözlərindən sitat gətirib.
Kim Çon Çhol qeyd edib ki, parlamentə yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsinə dair 7-yə yaxın qanun layihəsi təqdim olunub.
Bununla belə, məmurlar yeniyetmələr üçün gecə saatlarında onlayn oyunlara qoyulmuş qadağa təcrübəsinə istinad edərək, bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb. Belə ki, 2011-ci ildə Koreya Respublikasında 16 yaşınadək şəxslərin gecə yarısından səhər saat 6-ya qədər onlayn oyunlara daxil olmasını qadağan edən qanun qəbul edilmişdi. "Yonhap" agentliyinin bildirdiyinə görə, həmin qanun oyun sənayesinə mənfi təsir göstərdiyi və insanların "fundamental hüquqlarını pozduğu" üçün 2022-ci ilin yanvarında ləğv edilib.
Məryəm Quliyeva