Britaniyanın ən məşhur yeni filmləri Bakıda Mədəniyyət

Britaniyanın ən məşhur yeni filmləri Bakıda

"British Council Azərbaycan" təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-dək üçüncü "British Film Spring" festivalını keçirəcək. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar "Yetkinlik həyatının bacarıqları" (Adult Life Skills), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Yan, yan, yan" (Burn, Burn, Burn), "Daşqın" (The Levelling), "Möhtəşəm həyat" (This Beautiful Fantastic) və "Etel və Ernest" (Ethel and Ernest) filmləridir.
Bu barədə aprelin 28-də Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva "British Council Azərbaycan" təşkilatı ilə bir sıra layihələr həyata keçirdiklərini vurğulayıb. "British Film Spring" festivalının digər layihələr kimi maraqla qarşılanacağını söyləyib.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik festivalda nümayiş olunacaq filmlərin Britaniya kinosunun möhtəşəmliyini əks etdirdiyini deyib. O, festivalın proqramında dram, komediya, animasiya janrlarında filmlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, filmlər ingilis dilində Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.
"British Council Azərbaycan"ın direktoru Elizabet Vayt deyib: "Builki "British Film Spring" festivalı üçün sözün əsl mənasında maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçısına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməlliklə seçilən yaradıcılıq mübadiləsi üçün imkanlar yaratmaq istəyirik".
Elizabet Vayt, həmçinin vurğulayıb ki, bundan başqa, "British Council Azərbaycan" Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və "Nərimanfilm" kino şirkəti ilə birgə aprelin 24-dən 28-dək Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edib. Britaniyalı mütəxəssis, "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi Pol Freyzerin apardığı təlim proqramı vasitəsilə azərbaycanlı ssenaristlərin peşəkar səriştə və bacarıqlarının gücləndirib. 20-dən çox yerli ssenarist bu seminarda bilik və təcrübələrini paylaşmaq, onlar üçün yeni olan iş üsullarını müzakirə etmək, Birləşmiş Krallığın innovasiya perspektivləri baxımından yeni əməkdaşlıq modellərini araşdırmaq imkanı əldə edib.
Pol Freyzer ölkəmizə ikinci dəfə gəldiyini vurğulayaraq buradakı ssenaristlərlə işləmək imkanı əldə etməkdən məmnun olduğunu bildirib. Təlimdə maraqlı ssenarilərin təqdim edildiyini söyləyib. Təlim proqramı vasitəsilə azərbaycanlı ssenaristlərə filmlərini dünya arenasına çıxarmaq üçün Avropa baxışını öyrətdiklərini deyib.
Qeyd edək ki, "British Film Spring" festivalının açılışı bu gün Nizami Kino Mərkəzində baş tutacaq. Builki açılış filmi Reyçel Tunnardın mükafat almış "Yetkinlik həyatının bacarıqları" komediyasıdır.