San-Dieqoda “Əli və Nino” filminin premyerası olub Mədəniyyət

San-Dieqoda “Əli və Nino” filminin premyerası olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" filminin ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində premyerası keçirilib. Film mayın 9-da Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə San-Dieqonun tanınmış "Regal Cinema" kinoteatrında təqdim olunub.
Nümayişdə çoxsaylı kinosevərlər, Azərbaycan mədəniyyətinin dostları iştirak ediblər.
Nümayişdən öncə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev "Əli və Nino" filmində tərənnüm edilən multikulturalizm və dinlərarası harmoniya prinsiplərinin tarixboyu olduğu kimi, bu gün də Azərbaycan üçün keçərli olduğunu və bu ənənələrin ölkəmizdə həyat tərzi kimi getdikcə daha da gücləndiyini diqqətə çatdırıb. Azərbaycan multikulturalizmi ilə yanaşı, ilk respublikamızın qurulması ətrafında cövlan edən prosesləri yüksək ustalıqla dünya tamaşaçısına çatdıran belə bir dəyərli filmin ərsəyə gətirilməsini əlamətdar hadisə kimi qiymətləndirən diplomat Azərbaycanın unikal tolerantlıq dəyərləri, eləcə də müstəqillik mübarizəmizin tarixi barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında filmin mühüm rol oynadığını vurğulayıb.
Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan kinematoqrafiyasının tarixi, eləcə də azərbaycanlı yazar tərəfindən yazılmış və Vyanada 1937-ci ildə ilk dəfə nəşr olunmuş "Əli və Nino" əsəri barədə tamaşaçılara məlumat verərək, əsərin indiyədək 33 dilə tərcümə olunduğunu söyləyib. Asif Əsgərov iki gəncin ülvi məhəbbəti ilə yanaşı, filmin Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması ilə əlaqədar hadisələri də əks etdirdiyini bildirərək, ADR-in müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu və qadınlara ilk dəfə səsvermə hüququ verdiyini amerikalı tamaşaçıların diqqətinə çatdırıb. O, filmin ərsəyə gəlməsinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanin hərtərəfli dəstəyi nəticəsində mümkün olduğunu qeyd edib.
Sonra film nümayiş etdirilib. Tamaşaçılar filmin nümayişindən zəngin təəssürat və böyük rəğbət hissi ilə ayrılıblar.
Qeyd edək ki, Nəsimi rayonu ilə San-Dieqonun Svitzer Haylənd rayonu 2011-ci ildə qardaşlaşma münasibətləri qurublar.