MEMM İvanovka kəndində seminar keçirəcək Mədəniyyət

MEMM İvanovka kəndində seminar keçirəcək

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə mədəniyyət təsisatlarına və mədəni əməkdaşlığa dəstək naminə 28 iyul 2017-ci il tarixində İsmayıllı rayonunun İvanovka kəndində "Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar" keçirəcəkdir.
Tədbirin keçirilməsində əsas məqsəd xarici mütəxəssislərdən beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı Mədəniyyət mərkəzlərində fəaliyyət göstərən klublarda milli məfkurənin öyrənilməsinə xidmət edən milli, tarixi maddi-mənəvi dəyərlərin, mədəniyyətin layiqli təbliğatı, mədəniyyət ocaqları vasitəsilə əhali arasında təşviqat işlərinin genişləndirilməsinə kömək edən yolların araşdırılmasıdır.
Beynəlxalq elmi-praktiki seminarda Belarus, Qazaxıstan respublikaları, Türkiyə Cümhuriyyətinin mədəniyyət müəssisələrində çalışan mütəxəssislər, Bakı şəhəri və regionlardakı Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər iştirak edəcəklər.
Tədbirdə Yunus Emre İnstitutunun direktoru İbrahim Yıldırım və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev iki dövlətin tarixinin, mədəniyyətinin, dilinin, maddi və mənəvi dəyərlərinin daha geniş təbliği istiqamətində "Bir millət – iki dövlət" şüarı altında əməkdaşlıq memorandumu imzalayacaqlar.
Tədbir çərçivəsində məruzələr dinləniləcək, "Sənət və sənətkarları yaşadaq" adlı regionlarda fəaliyyər göstərən sənətkarların məlumat bazasının təqdimatı, rəsm əsərləri və tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olacaq.
Seminarın sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunacaqdır.
Mədəniyyət mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlər üçün I beynəlxalq elmi-praktiki seminar bədii hissəsi ilə yekunlaşacaq. Bədii hissədə İvanovka xalq folklor kollektivinin və Xaçmaz xalq teatr kollektivinin iştirakı ilə tamaşaların nümayişi nəzərdə tutulmuşdur.