“Bu, qardaş Türkiyədə milli iradənin zəfəri idi” Siyasət

“Bu, qardaş Türkiyədə milli iradənin zəfəri idi”

“Türkiyədə 2016-cı il 15 iyul çevriliş cəhdindən 10 il ötür. 15 iyul hadisələri Türkiyənin dövlətçilik tarixində sadəcə hərbi çevriliş cəhdi deyil, bu, həm də Türkiyənin müstəqilliyini hədəf alan qardaş ölkənin suverenliyinə, dünyada sürətlə artan rolunun və təsir gücünün zəiflədilməsinə yönəldilmiş xain bir qəsd idi”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli söyləyib.

Deputat qeyd edib ki, demokratik quruluşa qarşı yönəlmiş bu çevriliş cəhdinin qarşısının alınması qardaş ölkədə nümayiş etdirilən milli iradənin zəfəridir: “Türkiyədəki o dəhşətli gecədə xalqın küçələrə axını və çevrilişə qarşı göstərdiyi əzəmətli dirəniş ölkəni xaosa sürükləyən çevriliş cəhdinin iflasa uğramasında çox taleyüklü bir rol oynadı. Bu hadisələr Türkiyədə dövlət idarəetmə sistemində xalqın birbaşa iradəsinin həlledici rolunu çox əyani şəkildə bütün dünyaya nümayiş etdirdi”.

Ə.Məsimli vurğulayıb ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söylədiyi məşhur “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı Azərbaycan tərəfindən də eynən qardaş Türkiyəyə də aid olan bir kəlamdır: “Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”: “Azərbaycan xalqı və dövləti “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək həmişə olduğu kimi 2016-cı il 15 iyul çevrilişi cəhdlərinin həlledici anlarında da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu. 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdlərinin qarşısının alınması zamanı vətənini qorumaq yolunda həyatını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk”.

Röya İsrafilova