
“2016-cı il iyulun 15-də baş verən hadisələr Türkiyə Respublikasının müasir tarixinin ən ağır və həlledici sınaqlarından biri kimi yadda qalıb. Həmin gecə dövlət institutlarına, demokratik idarəetmə sisteminə və xalqın iradəsinə qarşı silahlı çevriliş cəhdi həyata keçirildi. Lakin Türkiyə xalqının qətiyyəti, dövlət qurumlarının müqaviməti və siyasi rəhbərliyin çağırışları nəticəsində bu cəhd uğursuzluğa düçar oldu. Hadisələr zamanı yüzlərlə insan həyatını itirdi, minlərlə vətəndaş yaralandı. Türkiyə həmin gecəni "15 İyul Demokratiya və Milli Birlik Günü" kimi tarixə yazdı. Bu gün ölkədə demokratiyanın, milli iradənin və dövlətçiliyin qorunmasının rəmzi kimi qeyd olunur”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
E.Akimova diqqətə çatdırıb ki, Azərbaycan həmin hadisələrin ilk anlarından etibarən qardaş Türkiyənin yanında olduğunu açıq şəkildə bəyan edən ölkələrdən biri idi: “Rəsmi Bakı dövlət çevrilişi cəhdini qətiyyətlə pislədi və Türkiyənin qanuni hakimiyyətinə dəstəyini ifadə etdi. Bu mövqe Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterini və "Bir millət, iki dövlət" fəlsəfəsinin real siyasi məzmun daşıdığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin müxtəlif çıxışlarında vurğuladığı kimi, Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiq dövlətlərdir. Xüsusilə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, hərbi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdi”.
Deputatın sözlərinə görə, 15 iyul hadisələri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət rəhbəri kimi ölkənin konstitusiya quruluşunun qorunması üçün xalqa müraciət etdi və vətəndaşları demokratik legitimliyi müdafiə etməyə çağırdı: “Onun həmin gecə verdiyi çağırışlar və dövlət institutlarının fəaliyyəti çevriliş cəhdinin qarşısının alınmasında mühüm rol oynadı. Bu hadisələrdən sonra Türkiyə dövlət idarəçiliyinin və təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində geniş islahatlar həyata keçirdi. Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin regional və beynəlxalq siyasətində mühüm rol oynayan liderlərdən biri hesab olunur. Onun rəhbərliyi dövründə Türkiyə müdafiə sənayesi, infrastruktur, enerji, diplomatiya və beynəlxalq təsir imkanları baxımından əhəmiyyətli inkişaf yolu keçib. Azərbaycan-Türkiyə münasibətlərinin indiki yüksək səviyyəyə çatmasında da həm Prezident İlham Əliyevin, həm də Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı siyasi iradəsi xüsusi rol oynayıb”.
O əlavə edib ki, 2020-ci ilin Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək iki qardaş ölkə arasında həmrəyliyin ən parlaq nümunələrindən biri kimi qiymətləndirilir: “Eyni zamanda Azərbaycan da bütün mühüm məsələlərdə Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib. On il əvvəl baş vermiş 15 iyul hadisələri artıq təkcə Türkiyənin daxili siyasi tarixinin bir səhifəsi deyil. Bu tarix demokratiyanın, dövlət institutlarının və milli həmrəyliyin qorunmasının əhəmiyyətini xatırladan mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycan üçün isə həmin gün həm də qardaş ölkə ilə sarsılmaz həmrəyliyin, qarşılıqlı etimadın və "Bir millət, iki dövlət" prinsipinin praktik təzahürü kimi xüsusi məna daşıyır”.
Röya İsrafilova