14:51
518
Bu gün Baş nazir Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.
Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.
Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
***
saat 14.43
Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Baş nazir Əli Əsədovla görüşüb.
Slovakiya Prezidenti bu barədə “X”də bildirib.
Peter Pelleqrini Əli Əsədovla ticarət və investisiyaların dərinləşdirilməsi, infrastruktur bağlantılarının gücləndirilməsi və Slovakiya şirkətlərinin Azərbaycanın genişmiqyaslı modernləşmə səylərində rolunun artırılması istiqamətində perspektivləri müzakirə edib.
Peter Pelleqrini enerji təhlükəsizliyinin də müzakirələrdə əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb: “Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızda prioritet dayanıqlı və etibarlı tərəfdaşlıqların qurulmasına dair ortaq öhdəliyimizi əks etdirir. Məqsədimiz aydındır: güclü siyasi dialoqu iqtisadiyyatlarımız üçün uzunmüddətli dəyər yaradan, bizneslərimiz üçün yeni imkanlar açan və vətəndaşlarımıza real fayda gətirən praktiki əməkdaşlığa çevirməkdir”.