Mənim Tanrım gözəllikdir, sevgidir... Mədəniyyət

Mənim Tanrım gözəllikdir, sevgidir...

Oktyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda klassik poeziyamızın görkəmli nümayəndələrindən biri, şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir Prezident İlham Əliyev şairin 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
AYB-in Hüseyn Cavid irsi komissiyasının təşkilatçılığı ilə reallaşan tədbirdə qurumun katibi, komissiyanın sədr müavini İlqar Fəhmi deyib ki, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşıb. Onun adı doğma xalqının təfəkküründə ölməzlik, vətənsevərlik və dəyanət nümunəsi olaraq əbədiləşib.
Hwseyn Cavid ədəbi-məclisinin sədri, şair Kəmaləddin Qədim ağır repressiya illərində Cavidin mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolunu dönməzlik, məğrurluq, ziyalılıq yolu adlandırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Cavid şəxsiyyətinə hər zaman böyük qiymət verib.
Ehtiyatda olan polkovnik Həmid Cəfərov 1982-ci ildə H.Cavidin 100 illik yubileyi ərəfəsində nəşinin ulu öndər Heydər Əliyevin iradəsi və uzaqgörənliyi sayəsində Vətənə gətirilməsini, məzarı üzərində məqbərənin ucaldılmasını xalqın və Ulu Öndərin böyük şəxsiyyətə ehtiramı kimi qiymətləndirib.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, 1937-ci il və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilmədi. Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavidin mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ açdığını bildirən natiqlər onun yaradıcılığının Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olduğunu diqqətə çatdırıblar.
Bildirilb ki, dahi dramaturqun zəngin irsinə "Keçmiş günlər", "Bahar şəbnəmləri" şeirlər silsiləsi, "Azər", "Kor neyzən" poemaları, "Ana", "Maral", "Şeyx Sənan", "İblis", "Şeyda", "Uçurum", "Afət", "Peyğəmbər, "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı" dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir.
"Mənim Tanrım gözəllikdir, sevgidir", - deyən Hüseyn Cavidin dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanındığı vurğulanıb. Şairin poeziyasını əbədi edən isə şairin həyata sevgisi, dərin kamalı və sağlam, məntiqi fəlsəfəsi olduğu bildirilib.
Tədbirdə məktəblilər şairin şeirlərini söyləyiblər.