Sözün Məmməd Araz zirvəsi Mədəniyyət

Sözün Məmməd Araz zirvəsi

Xalqın içindən çıxan bir insanın duyum və düşüncə tərzi məhz belə aydın ola bilərdi

Məmməd Arazı ilk dəfə 1973-cü il mayında görmüşəm. Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun birinci kursunda oxuyurdum. Məmməd Araz qələm dostlarından olan Fikrət Qoca və digər tanınmış sənətkarlarla birlikdə Naxçıvana gəlmişdilər. 60-cı illərin sayılan və nüfuz qazanmış yazarları ilə institut tələbələrinin görüşü keçirilirdi. Görüşü institutun prorektoru Abbas Mehdiyev aparırdı. Tələbələr adından respublikanın paytaxtından gəlmiş yazarları salamlamaq üçün Abbas müəllim sözü mənə verdi. Məmməd Arazla Fikrət Qocanın yazılarından xəbərdar idim, əslində o vaxt tələbələrin və gənclərin ən çox sevdikləri bu ədiblərin şeirlərinin çoxunu əzbər bilirdik. Fikrət Qocanın "Risq" şeiri, Məmməd Arazın qoşmaları dillər əzbəri idi. Odur ki, mənim üçün danışmaq çox da çətin deyildi, həm də onların yaradıcılığı haqqında danışmırdım, sadəcə olaraq onları salamladım və öz yazdığım bir şeiri oxuyub yerimə keçdim.
Həmin görüşdə Fikrət Qoca "Risq" şeirini oxudu. Məmməd Araz da vətən haqqında şeir oxudu. Bir də yadımda qalan odur ki, Məmməd Araz o vaxt çox sağlam, saçları arxaya daranmış cüssəli, əsil türk kişisi idi. O görüşdən sonra Məmməd Arazın şeirlərini daha çox oxumağa başladım, bəlkə indi də onun təsirini üzərimdə hiss edirəm. Bəlkə də o təsirdəndir ki, bədii yazılarımın əksəriyyəti Vətən mövzusundadır.
Daha sonralar Məmməd Araz mənim üçün daha da doğmalaşdı, sözün əyilməz heykəlinə çevrildi. Düşündüklərimi, axtardıqlarımı Məmməd Arazda, onun poeziyasında tapdım.
Bir işıq tapdım, bir Araz dərdi tapdım, bir Vətən nisgili tapdım...
Bir də gördüm Araz sevgisi içimə elə köçüb, qəlbimə elə hakim kəsilib ki, bədənimin istənilən bir hissəsini kəsib atmaq olar, lakin bu sevgini qəlbimdən çıxarmaq mümkünsüzdür. Onda Məmməd Arazı daha dərindən dərk etməyə başladı, kitabları stolumun üstündən əskik olmadı. Məmməd Araz təmannasız şair idi, mərdlik, cəsarət, düzlük simvolu idi. 1980-ci ildə "Vətən mükafatı" adlı bir şeir yazmışdı:

Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun" da bəsimdi, Vətən!
Bəsimdi, hər səhər təltif yerinə,
Qapımda küləyin əsibdi, Vətən!

Ədib 1991-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk xalq şairi fəxri tituluna layiq görülmüş, 1993-cü ildə isə şairin adına "Məmməd Araz" mükafatı təsis edilmişdi.
Zaman gəldi, 2004-ci ilin dekabrın 1-də Məmməd İnfil oğlu İbrahimov - Məmməd Araz kimi köçdü dünyadan, Fəxri xiyabanda dəfn olundu. Ancaq mənə elə gəlir ki, Məmməd Arazın ruhu Arazın üzərindədir. Ucalardan baxır, bizi Araza səsləyir. Şair şeirlərinin birində belə demişdi:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Məmməd Araz mamır olmadı. O, bir sevgi ağacı oldu və Araz sevərlərin ürəyində bitdi. Yüz illər keçəcək, gələcək nəsillər də bugünkü insanlar kimi Məmməd Araz ağacının kölgəsində dincələcəklər. Elə mən özüm də bu ağacın yarpaqlarının oxuduğu nəğməni duyuram, bu ağacın sərinliyini, doğmalığını hiss edirəm. Yaşımız artdıqca Məmməd Araz bizə daha da yaxınlaşır. 2005-ci ildə şairin "Vətən mükafatı" şeirinə cavab olaraq "Bəsimdi" şeirimi yazdım:

Dünyadan elə bir umacağım yox,
Mənə salam verən çiçək bəsimdi.
Heç kimin qapısın döyə bilmərəm,
Döyür pəncərəmi külək bəsimdi...
Şil görüm nəfsinə qul olanları,
Məramı, məqsədi pul olanları,
Alçaltdı ətəkdə dolananları,
Çox şükür, yetirir çörək bəsimdi.

Çox düşündükdən sonra Məmməd Araz və xalq yaradıcılığı haqqında kitab yazmağı qərara aldım. Məndən əvvəllər də Məmməd Arazın yaradıcılığı haqqında yazıblar, sonra da yazacaqlar. Hər gülün öz ətri olduğu kimi hər yazının, hər kitabın da öz ətri, öz ahəngi var. Ustad şairin ruhu qarşısında bacardığım qədər bir hesabat olaraq yazdıqlarımı özümə mənəvi borc sayıram.

Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.

Məmməd Arazın poeziyası indiyə qədər bir sıra qiymətli araşdırmaların obyekti olub, əsərləri, yaradıcılığı müxtəlif istiqamətlərdə tədqiq olunub. Lakin konkret olaraq "Folklor və Məmməd Araz şeiri" problemi sənətkarın yaradıcılığını öyrənmək aspektində öz elmi araşdırmasını gözləməkdədir. Bizim məqsədimiz həmin boşluğu aradan qaldırmaqdan ibarətdir.
Ötən əsrin 50-ci illərinin ortalarından başlayaraq Azərbaycan ədəbiyyatında sovet dövrünün tələblərindən fərqli olan, yeni məzmunlu, insanın psixoloji düşüncəsi, daxili narahatlığı, "milli mən"inin taleyi, keçmişə münasibəti, azad durumu, fərdi və ümumi baxışları əks olunan əsərlər meydana çıxırdı. Ədəbiyyatımıza yeni nəfəs, yeni məzmun gətirən ədəbi qüvvələr içərisində Anar, Elçin, Mövlud Süleymanlı, Sabir Əhmədov, Fikrət Qoca, Ramiz Rövşən və başqa yazarların təşəbbüskarlığı diqqəti cəlb edirdi. Belə yazarlardan biri də xalq yaradıcılığından bəhrələnən, folklor ənənələrini gözə çarpan və çarpmayan qəliblərdə ədəbiyyata gətirən, yazıları nağıllar və bayatılar qədər şirin olan, yadda qalan Məmməd Araz idi. Müasir oxucu tərəfindən ən oxunaqlı, ən çox sevilən şairlərdən olan Məmməd Arazın yaradıcılığı rəngarəng və təkrarsızdır. Məmməd Araz poeziyasının bu qədər şirinliyi və ecazkar qüvvəyə malik olması, ilk növbədə duyduğu, yaşadığı gözəlliklərin xalqla təmasından qaynaqlanmış, xalq yaradıcılığı süzgəcindən keçərək ələnmiş, arıdılmış duyğu düzümündə təqdim olunması ilə əlaqədardır. Düşünmək olar ki, məhz xalqın içindən çıxan, onun kəndlisi, çobanı, maldarı ilə oturub-duran, nənələrin şirin nağılları ilə yuxuya gedən, xoruz banı ilə yuxudan qalxan, ciyərlərinə tərtəmiz dağ havasını çəkən bir insanın duyum və düşüncə tərzi məhz belə təmiz və aydın ola bilərdi.
Məmməd Araz vətənə, xalqımızın adət-ənənəsinə, söz xəzinəsinə bağlı olan, bu sonsuz maraq və məhəbbətini yaradıcılığında dəfələrlə ürək yanğısı ilə qələmə alaraq, bu incəlikləri yetişməkdə olan nəsillərə ötürməyə çalışan sənətkarlardan idi. Azərbaycan dilinin şirinliyinə, ənənəvi adətlərə, folklor qaynaqlarında qorunub saxlanılmış xalq müdrikliyinə dərindən bağlılığı onu içəridən tərpədir, bu axına qoşulmağa vadar edirdi. Şairin anası Cahan xanımın, atası İnfil kişinin təbirincə desək, "Mahmud qızının" sinəsi ağız söyləmələri ilə dolu idi. Anasının söyləmələri uşaqlıqdan Məmmədin hafizəsinə köçür, onun gələcəkdə bir vətəndaş, bir xalq sənətkarı kimi yetişməsinə öz müsbət təsirini göstərirdi. Təsadüfi deyil ki, şairin ilk kitablarından biri anasına həsr edilmiş "Anamdan yadigar nəğmələr" adı ilə məşhurlaşıb müasir ədəbiyyatımızın tarixində özünəməxsus yer qazanıb.
Şairin yaradıcılığını diqqətlə izlədikdə məlum olur ki, bütün həyatı boyu xalqın yaratdığı müdriklik çeşməsinin təşnəsi olan Məmməd Araz bu çeşmənin sərin sularından heç vaxt ayrıla bilməyib, ona görə də yetkinlik çağlarında nəşr etdirdiyi ən sanballı poemasını "Atamın kitabı" adlandırıb. Məmməd Araz yaradıcılığında qazandığı uğurlara görə valideynlərinə, nənə-babalarımıza, atalarımızdan yadigar qalan mənəviyyatımıza və əvəzedilməz söz xəzinəsi olan folklorumuza borclu olduğunu dəfələrlə açıqlayıb.
Ümumilikdə ədəbiyyatı bayatı, holavar, dastan, nağıl, əfsanə, lətifə, zərb-məsəllərsiz təsəvvürünə gətirə bilməyən Məmməd Araz folklordan kifayət qədər yararlanaraq sonradan öz şeirlərində yeri gəldikcə həmin mənbələrdən yaradıcı şəkildə istifadə edə bilib. Məmməd Araz Aşıq Ələsgərdən öyrəndiyini qeyd etməklə yanaşı, həm də aşığın söz və saz sənətinin yüksək qiymətini verməyə çalışıb. Şair yetmiş iki saz havası olmasına baxmayaraq, Aşıq Ələsgərin sintez yolu ilə yüzdən artıq hava çala bilməsi haqqında məlumat verib, onun qoşmalarının bədii xüsusiyyətlərindən maraqlı detalları oxucularla bölüşdürüb.
Məmməd Arazın əsərləri şifahi xalq ədəbiyyatından gələn motivlər, nağıllar, ədəbi üsullar, atalar sözləri, məsəllər, aşıq poeziyası şəkilləri ilə zəngindir. Bu zənginlik şairin təkcə poeziyasında deyil, həmçinin publisist yazılarında da özünü qabarıq şəkildə göstərir. Təsadüfi deyil ki, Məmməd Araz yaradıcılığının böyük bir hissəsini təşkil edən bu məqalələrdə xalqa, vətənə, torpağa bağlılıq kimi tərbiyəvi, əxlaqi keyfiyyətlər aşılanmaqla yanaşı, folklor nümunələri və motivlərindən geniş istifadə edildiyinin də şahidi oluruq.
Məmməd Arazın publisist yazılarının əksəriyyətində folklor izləri müşahidə edilməkdədir. "Bahar düşüncələri", "Nur xonçası" məqalələrində şair Novruz bayramı ilə əlaqədar öz fikir və düşüncələrini dilə gətirir, adət-ənənələrimizi xatırlayır, əmək nəğmələrinin, holavarların yaranmasından danışır, Səməngül, Tərgül, Gülsənəm, Gülyaz, Gülçöhrə, Güllü kimi qız adlarının az qala unudulması halına gəldiyi nigarançılığını yaşayırdı.
Şairin "Sözün yaşı, sazın yaşı" məqaləsi böyük sənətkar Aşıq Şəmşirin 80 illiyi ilə əlaqədar olaraq 1973-cü ildə yazılıb. Məqalədə Aşıq Şəmşirin yaradıcılığına işıq tutulur, sənətkarın yaradıcılığındakı xalq ruhunun doğmalığından, aşıq poeziyasının incəliklərindən, Aşıq Ələsgər irsinə sədaqətindən söhbət açılır. Aşıq Şəmşirin böyüklüyü ondadır ki, özündən əvvəl yazılmış yüzlərlə dastanı, ölçülü-biçili şeirləri öz rəngi, öz forması ilə, yüzə qədər saz havasını öz ahəngi ilə yaddaşına köçürüb bu günə gətirib, üstəlik özünün yeni nəğmələrini də həvəslə oxuyur. Məmməd Arazın fikrincə, Aşıq Şəmşirin sözü və sazı qoca sənətkarı sağlığında sənətin əbədiyyət dünyasına qovuşdurub.
Məmməd Araz ölkənin gəzdiyi, gördüyü hər qarışının tarixini, etimologiyasını öyrənir, nağıl və rəvayətləri yazıya alır, onu bugünümüzlə əlaqələndirməyə çalışırdı. Aparılmış tədqiqatlar nəticəsində məlum olur ki, şairin eşitdiyi nağıl və əfsanələri məqalələrinin leytmotivinə çevirməsində məqsədi bu ibrətamiz əhvalatların ilk növbədə yaddaşlara köçürülməsinə vasitəçi olmaqdır. Digər tərəfdən şair hər bir əhvalatın, nağılın, əfsanənin həmin yerin toponomikasının, etnoqrafiyasının, ərazidə yaşayan toplumun genetik xüsusiyyətlərinin öyrənilməsində çox böyük əvəzsiz mənbə olmasını dərk edirdi. Bu anlamda folklor materiallarının Məmməd Araz yaradıcılığında yer alması təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir.

Hizami Muradoğlu,
araşdırmaçı