Kukla Teatrı balacalar üçün dörd səhnə əsəri hazırlayır Mədəniyyət

Kukla Teatrı balacalar üçün dörd səhnə əsəri hazırlayır

Mütəmadi repertuarında yeniliklər edən, azyaşlıların mənəvi-estetik zövqünü formalaşdıran, onları incəsənətə sevgi ruhunda kökləyən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 2019-cu il üçün yaradıcılıq planı çox zəngindir. Yerli və dünya, klassik və müasir dram əsərlərinin, məşhur nağıl nümunələrinin rəngarəng səhnə həllini yaradan teatrın yaradıcı heyəti bu dəfə də balacaların - sevimli tamaşaçılarının istək və arzularını nəzərə alıb.
Teatrın əsas ideyası, onun əhatə dairəsi ilə yanaşı, balacalar arasında keçirilən rəy sorğuları da nəzərə alınmaqla sənət ocağında dolğun və maraqlı repertuar planı yaradılıb. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib ki, həmin plana müvafiq olaraq, il ərzində dörd tamaşa hazırlanaraq balaca teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşaçılar ilk olaraq çoxsaylı müraciətlər əsasında hazırlanan "Maşa və Ayı" tamaşasını izləyəcəklər. Quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan bu tamaşa uşaqların sevimli cizgi filmi qəhrəmanları - Maşa və Ayının sərgüzəştləri əsasında səhnələşdirilib. Uşaqlara dostluq, sevgi, mehribanlıq və anlayış kimi hisslər aşılayan səhnə əsərində müxtəlif kukla texnikalarından istifadə olunub. Canlı plan ilə kukla oyununu paralel təqdim edən rejissor bununla balacaları cizgi filminin təsirindən tam çıxarmağa, səhnəyə, aktyor-personajlarla canlı ünsiyyətə səsləyib. Tamaşada əsas rolları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları ifa edirlər. Komediya janrındakı birhissəli uşaq tamaşası fevralın 15-də balacalar tərəfindən izləniləcək.
Buna paralel olaraq ikinci tamaşanın da məşqlərini edən yaradıcı heyət uşaqları növbəti maraqlı səhnə işinə kökləyəcək. Bu, türk nağıllarından "Kəloğlan masalları" əsasında "Kəloğlan" adlı tamaşadır. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Quruluşçu rəssamı Əfşan Əsədova olan musiqi tərtibatlı nümunə martın əvvəllərində tamaşaçılara təqdim olunacaq. Bundan başqa, plana müvafiq olaraq dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" (Q. Məsimov) və türkiyəli yazıçı Hasan Erkəkin "Kitabi Dədə Qorqud" dastanı əsasında qələmə aldığı "Adını doğruldan oğlan" (A. Məmmədov) əsərləri səhnələşdiriləcək.
Onu da qeyd edək ki, mərhum dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" pyesi əsasında hazırlanan eyniadlı tamaşa görkəmli aktyor, Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunub. Hazırda qızğın məşqləri gedən tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.