“Yurd yerlərimiz yolumuzu gözləyir” Mədəniyyət

“Yurd yerlərimiz yolumuzu gözləyir”

Ağstafada bu adda anım tədbiri keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsi Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 26-cı ildönümünə həsr olunmuş “Yurd yerlərimiz yolumuzu gözləyir” başlıqlı anım tədbiri keçirib.
Regional Mədəniyyət İdarəsindən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ağstafa rayon Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət edərək, qəhrəmanlarımızın məzarları üstünə gül dəstələri qoyublar.
Tədbir iştirakçıları Ağstafa şəhərindəki Miniatür Azərbaycan Parkına gələrək qan yaddaşımızın tarixini əks etdirən kitab sərgisinə baxıblar. Tədbir iştirakçıları burada MKS-nin əməkdaşlarının hazırladıqları ədəbi kompozisiyaya tamaşa ediblər.
Sonra mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə rayondakı Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilib. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə əvvəl Virtual Qarabağ İKT Mərkəzinin istehsal etdiyi "Qarabağ-əcdadlarımızın mirası" filmi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov Ermənistanın Azərbaycana silahlı təcavüzünün, beynəlxalq hüquq normalarına məhəl qoymadan işğal etdiyi ərazilərdə hələ də vandalizm hərəkətlərini həyata keçirməsinin davam etdiyini, Azərbaycanın qədim və əzəli torpaqlarında qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirdiklərini bildirib.
V.Qədirov çıxışında Prezident İlham Əliyevin apardığı uğurlu, vətənpərvər siyasətdən söz açaraq qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu gündən-günə inkişaf etməkdədir. Bu gün Cəbrayıl rayonunun işğalının 26-cı ildönümünü qeyd etsək də, 2016-cı ildə Lələtəpədə gedən döyüşlər, Cocuq Mərcanlı kəndinin azad olunması və insanların öz dədə-baba torpaqlarına köçürülməsinin təmin olunması əhalidə böyük bir ruh yüksəkliyindən xəbər verir və dədə-baba torpaqlarımıza qayıdış inamımızı daha da artırır.
Ermənistanın Azərbaycana təcavüzünün dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin də xüsusi yeri olduğunu bildirən idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, bu istiqamətində işlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
İdarənin digər əməkdaşları çıxış edərək bu məsələyə xüsusi diqqət ayırmağın vacibliyini və bu işdə gənclərin xüsusi rolunu qeyd ediblər.