Qeyri-maddi irsin qorunması sahəsində beynəlxalq hüquq və UNESCO-nun Konvensiyası-1-ci yazı Mədəniyyət

Qeyri-maddi irsin qorunması sahəsində beynəlxalq hüquq və UNESCO-nun Konvensiyası-1-ci yazı

Qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq hüquqi qorunması sahəsində qəbul edilmiş ən başlıca sənət Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət, informasiya və kommunikasiya üzrə ixtisaslaşdırılmış təsisatı olan UNESCO-nun “Qeyri-maddi mədəni irsiin qorunması haqqında” 2003-cü il 17 oktyabr tarixli Konvensiyadır. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı olan UNESCO-nun yaranmasını təsdiq edən nizamnaməsi 37 dövlətin iştirakı ilə 1945-ci ilin noyabrında imzalanıb.
UNESCO 1946-cı ildən fəaliyyətə başlayıb, indi onun 195 üzvü var. Ölkəmiz bu təşkilata 3 iyun 1992-ci ildə üzv qəbul edilib. Təbii ki, UNESCO tərəfindən qeyri-maddi mədəni irsin qorunması ilə bağlı Kon¬vensiyanın yaranması sürətlə modernləşmə, eyni zamanda cəmiyyətin qloballaşması problemləri ilə bağlıdır. Qeyd edək ki, qeyri-maddi mədəni irsin bir çox formaları ya unudulmaq, ya da məhv olmaqda idi. Buna görə də qeyri-maddi mədəniyyət nümu¬nələrinin mühafizə edilib yaşadılması zərurəti yaranmışdı. Bu Konvensiyanın qəbul edilməsi dünya xalqlarının mənəvi aləminin qorunub mühafizə olunmasına imkan verdi.
Konvensiyanın maddələrinə görə qeyri-maddi mədəni irs icmalar, qruplar, elə¬cə də yaradıcı şəxslər tərəfindən onların təcrübələri (mədəni irsin bir hissəsi kimi), təqdimatları, bacarıqları, ifadələri, hətta onların həmin işlə, təcrübə ilə bağlı alətləri, əşyaları və s. özündə əks etdirir. O, yaradıcılıq sahələrini (ifaçılıq sənətləri, sosial təcrübələr, mərasimlər, bayram tədbirləri, təbiətə və kainata aid bilik və təcrübələr, ənənəvi sənətkarlığa aid bilgi və təcrübələr) də müəyyən edib.
Bu Konvensiyanın sayəsində qeyri-maddi mədəni irsin həm təzahür formaları müəyyənləşdirildi, həm onun qorunma üsulları dəqiqləşdirildi, Konvensiya dövlətlərin üzərinə öz ərazilərində qeyri-maddi mədəni irsin qorunub inkişaf etdirilməsinin təmin edilməsi üzrə öhdəliklər qoydu.
2003-cü il 17 oktyabr tarixli Konvensiya qeyri-maddi mədəni irsin beynəlxalq hüquqi qorunmasında yeni mərhələnin başlanmasından xəbər verdi. Həqiqətən, bu sənəd qeyri-maddi mədəni irsin beynəlxalq hüquqi qorunması sahəsində bir növ ilk oldu. Konvensiyadan bəhs etməzdən əvvəl UNESСO haqqında qısa məlumat versək yerinə düşərdi.
Müharibə qurtardıqdan dərhal sonra müttəfiq ölkələrin təhsil nazirlərinin konfransının təklifinə əsasən 1-16 noyabr 1945-ci il tarixlərində təxminən 40 dövlətin iştirakı ilə Londonda Birləşmiş Millətlər Təşkilatının təhsil və mədəniyyət təşkilatının yaradılması üzrə konfransı keçirilir. Fransa və Böyük Britaniyanın təkilfinə əsasən nümayəndələr dünyanın həqiqi mədəniyyətini yarada biləcək təşkilat yaratmaq barədə qərar qəbul edirlər. Beləliklə, 37 dövlət Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət məsələləri üzrə təşkilatı olan UNESСO-nun yaranmasını təsdiq edən nizam¬na¬mə¬sini imzalayırlar. UNESСO-nun nizamnaməsinin 1-ci maddəsində göstə¬rilir ki, “Təşkilat irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT-nin nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyur”.
Yarandığı vaxt 20 üzv dövlətdən ibarət olan bu təşkilat öz rəsmi fəaliyyətinə 4 noyabr 1946-cı ildə başlayır. Hazırda təşkilat 195 üzv-dövlət, 2 müşahidəçi dövlət və 10 assosiativ üzv – xarici siyasəti sahəsində məsul olmayan ərazilərdən ibarətdir. 182 üzv dövlət Parisdə təşkilata daimi nümayəndəlik edir, orada da 4 daimi müşahidəçi və hökumətlərarası təşkilatların 9 müşahidə missiyası var. Təşkilatın tərkibinə dünyanın müxtəlif yerlərində yerləşən 60-dan çox ofis və bölmə daxildir.
Qeyd edək ki, ölkəmiz bu təşkilata 3 iyun 1992-ci ildə üzv qəbul edilib. Üzvlüyə qəbul edildikdən sonra YUNESKO ilə qarşılıqlı əməkdaşlığının təşkil və təmin edilməsi məqsəsi ilə dövlətimiz tərəfindən zəruri normativ hüquqi baza yaradılır. Belə ki, ölkəmizin üzv qəbul edilməsindən 2 il sonra Ümummilli lider Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli 62 nömrəli sərəncamına əsasən UNESCO nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında UNESСO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılır və onun nizamnaməsi təsdiq edilir. 16 aprel 2004-cü ildə Azərbaycanın UNESСO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyi təsis edilir və əməkdaşlıq istiqamətində digər hüquq aktlar qəbul edilir. Bütün bu fəaliyyətlər gələcəkdə UNESСO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" 2003-cü il 17 oktyabr tarixli Konvensiyasına qoşul¬maq yolunda atılan böyük addımlar, görülən əhəmiyyətli işlər idi.
Burada "Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın qəbul edilməsinə qədərki dövrdə UNESСO-nun bu Konvensiyaya hazırlıq hesab ediləcək fəaliyyətindən və mədəniyyət sahəsində qəbul etdiyi sənədlərdən bəhs etmək istərdik. Belə ki, UNESCO-nun fəaliyyətinin ilk dönəmlərindən mədəniyyət sahəsindəki bütün proqramları beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə və dünyadakı bütün mədəniyyətlərin müxtəlif, fərqli və eyni dərəcədə diqqətə layiq olduğu faktının tanınmasına yönəlmişdi. Artıq 1953-cü ildə təşkilat tərəfindən mədəniyyətlərin vəhdəti və müxtəlifliyi barədə silsilə nəşrlər çap etdirilmiş, 1966-cı ildə “Mədəniyyətlərarası dialoqun prinsipləri haqqında bəyannamə” qəbul edilmişdi. UNESCO-nun bu dövrdə qəbul etdiyi önəmli sənədlərdən biri də 2003-cü il Kon¬vensiyasının ona əlavə hesab edilən “Ümumdünya mədəni və təbii irsin qorun¬ması haqqında" 16 noyabr 1972-ci il Konvensiyası idi. Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz bu Konvensiyaya Azərbaycan Respublikası Milli Məclisinin 6 dekabr 1993-cü il tarixli qərarı ilə qoşulmuşdur. Konvensiyaya əsasən, mədəni və təbii irsin bəzi obyektləri görkəmli universal və bu səbəbdən qorunmağa layiq olan nadir dəyər kimi tanınır. Belə obyektlər bəşəriyyətin ümumi irsinin tərkib hissəsinə çevrilir və ümum¬dünya irs obyektləri statusunu qazanır. Konvensiyaya əsasən beynəlxalq müqavilənin bir növü kimi, ona qoşulmaq və ya onu ratifikasiya etməklə dövlət öz üzərinə onun ərazisində yerləşən nadir abidələri qorumağı və onların irsinin qorunmasında digər iştirakçı dövlətlərə yardım etməyi öhdəsinə götürür.
UNESCO-nun bu dönəmdəki fəaliyyətindən danışarkən 1982-ci ildə Meksikada “Mondiacult” adı altında keçirilmiş və böyük əhəmiyyət daşıyan silsilə konfransları xüsusi qeyd etmək lazımdır. Belə ki, bu konfranslar zamanı UNESCO-nun ötən fəaliyyəti dövründə qəbul edilmiş normativ aktlar təhlil edilmiş, mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı bir çox məsələlərin müzakirələri aparılmış və mədəniyyətə yeni tərif verilib. İndi mədəniyyət anlayışı özündə həyat tərzini, dəyərləri, ənənə¬ləri və inancları ehtiva edirdi. Qeyri-maddi mədəni irsin qorunmasına xüsusi diqqət ye¬ti¬rilməsi təklif edilmişdi və bu termin rəsmi olaraq ilk dəfə idi istifadə edilirdi.
Bundan başqa, 15 noyabr 1989-cu ildə UNESCO-nun folklorun qorunub saxlan¬ma¬sına dair tövsiyəsi qəbul edilir. Bu sənəddə folklorun təsnifatı və qorunub saxlan¬ma¬sının əsas istiqamətləri göstərilmiş və folklorun müəyyən edilməsinə, eyniləşdiril¬məsi, sənədləşdirilməsi, yayılması və s. məsələlərlə bağlı iştirakçı dövlətlərə tövsiyələr verilmişdir.
Konvensiyasının qəbul edilməsi XX əsrdə mövcud olan sürətli modernləşmə və cəmiyyətin qloballaşması prosesləri ilə bağlı idi. Bu proseslərlə əlaqədar qeyri-maddi mədəniyyətin bir çox formaları unudulmaq və məhv olmaq, cəmiyyətdə ənənənləri qoruya biləcək mexanizmlər isə yox olmaq üzrə idi. Beynəlxalq ictimaiyyət tərəfindən etiraf edildi ki, qeyri-maddi irsin bir çox formalarının məhv olmaq təhlükəsi var və onların təbii həyat mühitində qorunma yolları müəyyən edilməlidir. Konvensiyanın qəbul edilməsi zərurətinin bu qısa xülasəsi sonradan Konvensiyanın preambulasında daha da geniş əsaslandırıldı.
Beləliklə, UNESCO-nun Parisdəki qərargah-mənzilində 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək keçirilmiş və 35800 üzvün, o cümlədən 5 dövlət başçısı və 300 nazirin iştirak etdiyi Baş konfransının 32-ci sessiyasının əlamətdar hadisəsi "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanın qəbul edilməsi oldu. Konvensiyanın qəbul edilməsinin zəruri edən əsaslar onun preambulasında geniş şərh edilmişdir. Bu əsaslardan biri kimi, qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratmaqla yanaşı, həm də dözüm¬süzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorun¬ması üçün vəsaitin çatışmazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyi olduğu göstərilib. Bundan başqa, Konvensiyada həmin dövrdə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmadığı qeyd edilmiş, mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyac olduğu vurğulanıb.
Konvensiyanın qəbul edilməsinin ana xəttini onun məqsədi təşkil edir. Kon¬ven¬siyanın 1-ci maddəsinə əsasən, Konvensiyanın məqsədləri aşağıdakılardır:
- qeyri-maddi mədəni irsin qorunması;
- aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsə hörmətin təmin edilməsi;
- yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi;
- beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi.
Göründüyü kimi, Konvensiyanın başlıca məqsədi kimi qeyri-maddi mədəni irsin qorunması müəyyən edilmişdir. Əslində Konvensiyanın digər məqsədləri də onun əsas məqsədinin təmin edilməsinə yönəlmiş ümumi fəaliyyət istiqamətlərini müəyyən edir.

Afaq Mustafayeva, hüquqşünas