“Dədə Qorqud dastanları” ilə bağlı soraqlar ingilisdilli qaynaqlarda Mədəniyyət

“Dədə Qorqud dastanları” ilə bağlı soraqlar ingilisdilli qaynaqlarda

Xalqımızın yüzillərdən bəri özünəməxsus, bənzərsiz düşüncə, yaradıcılıq soraqları (inanclar, əfsanələr, nağıllar, dastanlar və s.) çoxdandır ki, Avropada ciddi araşdırma mövzusuna çevrilib. Araşdırmaçı Vəfa İbrahimova bildirir ki, ingilisdilli qaynaqlarda ən çox araşdırılan, öyrənilən dastan "Kitabi-Dədə Qorqud"dur. "Kitabi-Dədə Qorqud" dastanı ingilis dilinə bir neçə dəfə tərcümə olunub və bu mövzu ilə bağlı çoxsaylı məqalələr yazılıb.
İngilisdilli qaynaqlarda "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının türk mifik düşüncəsi ilə bağlılığına
toxunan araşdırmaçı bildirir ki, türk alimi professor Ahmed Edib Uysal "Dastanlarımızdan Dədə Qorqud hekayələri ilə "Koroğlu"da fövqəltəbii ünsürlər" adlı məqalə yazıb, bu məqaləni ingilis və türk dillərində "Erdem" jurnalında çap etdirib: "Hər şeydən öncə alim "Kitabi-Dədə Qorqud" dastanı ilə "Koroğlu" dastanını müqayisə edib və bu dastanlarda qədim türk düşüncəsi, eləcə də dünya xalqlarının dastanlarında olan mifoloji düşüncə sistemləri ilə bağlılıqların olduğunu göstərib. Müəllif türk dastanları ilə bağlı ümumi bilgi verdikdən sonra əsasən "Kitabi-Dədə Qorqud" dastanı üzərində ayrıca dayanıb, bir qədər də "Koroğlu" dastanına toxunub. Alimin fikrincə, "Kitabi-Dədə Qorqud"da fövqəltəbii hadisələrin ayrıca yeri var və bu qeyri-adi hadisələr xüsusi məqamlarda ortaya çıxır. Məsələn, dastanda Cəbrail, Şeytan, Nuh, İbrahim peyğəmbər, Nəmrud, Musa, cənnət, cəhənnəm kimi anlayışların təqdimində dini-mifoloji hadisələr özünü göstərir.

"Qara qıyma gözlərin uyxu almış, açğıl, axı!...
Ol ikicə sünücigin uzun olmış, yığışdır, axı!...
Tanrı verən tatlu canın, seyranda imiş, endi dəxi.
Üz-gözində canın varsa, oğul, ver xəbər mana!
Qara başım qurban olsun, oğul, sana!"

Yeri gəlmişkən, bu hissə ingilis dilinə çox emosional şəkildə tərcümə edilib.
Alimin fikrinə görə, bu şeir parçalarında ifadə olunan düşüncə qədim türklərin inancı ilə bağlıdır. Alimin dəyərləndirməsinə görə, "Koroğlu" türk xalqının qəhrəmanlıq anlayışının ifadəsidir. Türk qəhrəmanlıq anlayışı isə güc, cəsarət, xeyirsevərlik, nəzakət, alicənablıq və şərəfdir. O, Koroğlunun başqa qəhrəmanlardan seçilən xüsusiyyətlərinə işarə edərək yazır: "Onu başqa qəhrəmanlardan ayıran bir özəllik də saz çalması və bir xalq aşığı olmasıdır. O, həm dostları, həm də düşmənləri ilə olan münasibətlərində tez-tez saz çalır və şeir söyləyir".
Alimin araşdırmalarına görə, Koroğlu bir övliyadır: "Ölməzlik suyu olan abi-həyatı içmiş Qıratın hələ də Koroğlunun yanında - Qırxlar məclisində olduğu inancı Türkiyədə geniş yayılıb. Bolunun Koroğlu Ərənlər kəndində Koroğlunun məzarı var. Boluda Koroğlunun bir övliya olduğu inancı çox geniş yayılıb".
İngilisdilli qaynaqlarda "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı öyrənilən məsələlərdən biri də bu dastanın poetikası ilə bağlıdır. Türk folkloru, o sıradan "Kitabi-Dədə Qorqud"la bağlı ciddi araşdırmalar yazmış professor İlhan Başgöz bir məqaləsində "Kitabi-Dədə Qorqud" dastanında olan bədii təsvir və ifadə vasitələrini araşdırıb, ayrıca olaraq epitetləri tədqiq edib.
Onun görüşünə görə, "Kitabi-Dədə Qorqud" dastanındakı epitetlər burada təsvir olunan insan xarakterlərini təqdim etmək üçün istifadə olunub. O, bu epitetləri iki yerə bölür. Birinci qrupa daxil olan epitetlər sadə və mürəkkəb epitetlərdir. Məsələn, Qara Günə, Dəli Domrul, Şir Şəmsəddin, At ağuzlu Aruz, Qaracuk Dağının Qurdu Bayandır Xan kimi birləşmələr bu qəbildəndir.
İkinci tip epitetlər isə geniş yayılmış, formula çevrilmiş olub, fərdlərin xarakterini müəyyən edir, adətən bir neçə sifət birləşməsindən ibarətdir. Alim bu məsələ ilə bağlı yazır: "Dastanda Oğuz cəngavərləri, kişi və qadınların hamısının epiteti var. Dastandakı yetmiş bir xarakterdən yalnız ikisi epitetsiz verilib".
Dastanda epik və fərdi xarakterin epitetləri bu yollarla düzəlir: rəng; insan atributları; mifik atributlar; fiziki atributlar; heyvan adları; qohumluq; yaş; tayfa adı; sahibkarlıq və var-dövlət; sosial təbəqə; peşə; nüfuz və hörmət; paltar və geyimlər; adət; dini kimlik; qəhrəmanlıq; doğum yeri. Alim "Kitabi-Dədə Qorqud"dakı epitetlərlə bağlı bu təsnifatı verməklə yanaşı epitetlərin aid olduğu şəxsləri də göstərib".
Dastanda Oğuz eli ayrı-ayrı tayfalardan təşkil olunub: "Bu cəmiyyətdə ciddi qaydalar var və oğuzların təşkilatlanması yüksək səviyyədədir. Dastanda epitetlər Oğuzları bir cəmiyyət, Oğuz igidlərini bir fərd olaraq hərtərəfli təqdim edir. Hər Oğuz igidi sahib olduğu imkanlara görə epitet qazanır. Buna görə də Oğuzların dünyagörüşü, qəhrəmanlıq anlayışı, hər bir Oğuz igidinin imkanları ilə epitetlər arasında qırılmaz bağlılıq var. Məsələn, dastanda Bamsı Beyrəyi təqdim etmək üçün müxtəlif epitetlərdən istifadə olunur. Onun igidliyini göstərmək üçün ona "boz atlı" deyilib, onun Bay Börənin oğlu olduğu önə çəkilir və bu qayda ilə ona aid keyfiyyətlər epitetlərə çevrilərək, qəhrəmanın mükəmməl obrazını yaradır. "Qanlı Oğuzun sevimlisi", "yeddi qızın ümidi", "ala (rəngbərəng) toy çadırının yanına gələn", "Qazan bəyin yınağı (vəziri)" və bu tipli başqa epitetlər Bamsı Beyrəyin şəxsiyyətini göz önündə canlandırır. Bu prinsip, yəni hər bir Oğuz igidini ona məxsus olan epitetlə təqdim etmək yolu bütün dastan boyu özünü göstərir. Alim məqalədə dastandakı epitetlərin türk onomostikası ilə bağlılığına da toxunub. "Kitabi-Dədə Qorqud" dastanında epitetlərin yeri və rolu ilə bağlı yazılmış bu məqalədən ortaya çıxan başlıca nəticələr bunlardır: Bu epitetlər zəngin Oğuz dünyagörüşü, idarəçilik sistemi ilə sıx bağlıdır. Dastanda epitetlər bir sıra mənbələrdən götürülür. Bu mənbələr sırasında qədim dövrlərdə insanların düşüncəsində olan Tanrının xarakteristikası, ruhlar, peyğəmbərlər, liderlər, əfsanəvi qəhrəmanlar ayrıca yer tutur. Epitetlərin təkrar olunması qəhrəmanları təqdim edir, dastanı dinləyənlərə həzz verir, insanlar arasında həmrəylik yaradır. Məsələyə ideoloji baxımdan yanaşdıqda isə deyə bilərik ki, qəhrəmanlıqla bağlı seçilmiş epitetlər Oğuz cəmiyyətinin üzvü olan insanların qəhrəmanlıq anlayışını göstərir. Bu birliyi, milli varlığı qorumağın yeganə yolu da qəhrəmanlıqdır. Dastanda Oğuz ellərini idarə edənlərin həyat anlayışı, insani münasibətləri, ailə quruluşu və dəyərləri ideallaşdırılır. Bu hədəfə çatmaqda isə epitetlər xüsusi rol oynayır".

Uğur