Savalan yaradıcılığı Mədəniyyət

Savalan yaradıcılığı

O, xalq ruhunun dərinliklərinə yaxından bələd idi

II yazı

"Poemanın ictimai-siyasi və ədəbi dəyərini müəyyənləşdirən iki cəhət xüsusi qeyd olunmalıdır: Azərbaycan ellərinin qədimliyi və gözəlliklərini vəsf etmək, bu yerlərin sakinlərinin doğma torpağa məhəbbətini tərənnüm etmək. Hər iki məsələdə şairin siyasi və ədəbi uğurları inkaredilməzdir". (Sabir Əmirov. "Cənubi Azərbaycan Milli Demokratik Ədəbiyyatı. 1941-1990. Bakı-2000. səh. 81). Çoxlarına məlumdur ki, Azərbaycan xalqı bir xalq kimi formalaşan zamandan daim saflığı, qəlbitəmizliyi, yüksək-mənəvi keyfiyyətlərə malik olması, mərdliyi, zəhmətsevərliyi ilə tanınıb. Savalan "Apardı sellər Saranı" poemasında məhz Azərbaycan xalqına xas olan nəcib sifətlərə geniş yer verib, xan Çoban və Saranın timsalında canlı lövhələrlə, eyni zamanda poetik imkanlarının bütün vasitələri, şəkillərlə bir rəssam kimi cizgilərini cızıb.
Şairin bu poemasına nəzər saldıqca oxucunun nəzərində silinməz izlər buraxan mənzərələrin şahidi oluruq. Savalan yaradıcılığında xalqın keçmişində gələcəyinə uzanan qırılmaz bir xətt var. Bu, Savalan yaradıcılığından bir ana xətt kimi keçir. Olduqca qədim tarixə və mədəniyyətə malik olan xalqın adət-ənənəsini, həyatını, məişətini, folklorunu heyrətamiz bir şəkildə canlandıran şair, eyni zamanda folklorumuzun aparıcı qüvvəsi olan xalq şeirinin bütün incəliklərindən, poetik şəkillərindən, formalarından, qəliblərindən məharətlə istifadə edib, bununla yanaşı olduqca orijinal bir şəkildə özünəməxsus yeni cizgilər, ştrixlər yaradaraq həm mövzu, həm mündəricə, həm də mücərrədlikdən uzaq bir romantika etibarilə gələcəyə inamlı addımlar atır.
"Xan Çoban və Sara" adlı xalq əfsanəsinin motivləri əsasında qələmə alınmış "Apardı sellər Saranı" poeması şairin qələmilə əfsanədən real həqiqətə elə bir şəkildə çevrilir ki, oxucu bu əsərin əfsanə motivləri əsasında yazıldığına inanmır və sənədli bir həqiqəti gözləri ilə görürmüş kimi zənn edir.
Xan Çobanla Saranın arasında ülvi bir eşq mövcuddur. Xalqımızın keçmişinə nəzər salsaq, əcdadlarımızın eşqi çox uca tutduğunu, dahi Nizami demişkən, "Eşqsiz ey dünya, nədir dəyərin" prinsipi ilə yaşadıqlarını görərik. Xalqın ülvi hisslərinin, yüksək mənəvi keyfiyyətlərinin təcəssümü kimi Xan Çobanla Sara arasında olan eşq saf və pak mənəviyyat aynasıdır. Fəqət ağa Soltan bu eşqin nurunu söndürmək, qırılması mümkün olmayan tellərini qırmaq istəyir. Lakin eşq ruhun təcəllasıdır. Əsl eşqi sındırmaq, əsl aşiqləri bir-birindən ayırmaq qeyri-mümkündür. Öz yaradıcılığında hər şeyi dəqiqliklə ölçüb-biçən Savalan, xalqın ruhunun dərinliklərinə yaxından bələd olduğuna görə əsərini belə bir finalla bitirir. Saranın atası qızını yada qismət eləməməkdən ötrü onu öz əllərilə Araz çayında batırır və Arazın təlatümlü dalğalarının göyərçin qanadları ilə tarixin çoxəsrlik sinəsinə müqəddəs bir eşq dastanı yazılır.
Savalanın "Apardı sellər Saranı" poeması keçmiş Azərbaycan həyatının bütün yaxşı və pis cəhətlərinin, mənfi və müsbət qütblərinin bədii löhvələrlə əksidir.
Savalan poeziyası quru ənənəçiliyə uyan, məhəbbəti, həsrəti, nisgili mücərrəd şəkildə deyilmiş sözlər və ifadələrlə təsvir edən, dərin və hikmətli fəlsəfi fikirlərdən məhrum olan bir poeziya deyil. Savalan şah üsul-idarəsi bataqlığından yüksəyə qalxıb mühitin mütərəqqi, poeziyada zidd cərəyanlara qarşı gedərək bu və ya digər dərəcədə həyatı əks edən, həyatla, ictimai çarpışmalarla bağlı əsərlər yaradıb.
Savalanın hikmətamiz əsərləri var. "Hədər olmaz" qəzəlində şair bir çox əsərlərində olduğu kimi insanları yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərliyə, doğma dilini sevməyə, elm arxasıyca getməyə çağırır:

Gör hümməti olsa kişi ömrü hədər olmaz,
Hümmətsizin heç yerdə sözündə kəsər olmaz.
Sən istəmiş olsan da el içrə ola qədrin,
Səy et elin uğrunda ki, bundan zərər olmaz.
Sən yurduna yan, yan elüvə, yanmalı vaxtdır,
Doğma dilüvə yansan əgər bisəmər olmaz.
Bax gör səni dünyada tanırlar bu dil ilə,
Dil olmasa, varlıqda bütünlük gedər olmaz
Sən tut elini, tap özünü, bil, yaşa düzgün
Hər iş görəsən, bil ki, hədəsiz əsər olmaz.
Aç gözlərini, elmü-maarif çağırır bax,
İnsan tanınan kimsə belə bibəsər olmaz.
Sən ey Savalan, yatmışdınsa ayıl indi,
Qəflət yuxusunda yaşayan bəxtəvər olmaz.

Qəzəlin mündəricəsini, estetik idealını təşkil edən bu cür müdrik həyati fikirlərə yalnız sadə nəsihət, ritorik nidalar kimi baxmaq olmaz. Çünki bu fikirlər ehtirasdan, hissdən, duyğudan ayrı deyilməyib, hiss şəklində ifadə olunub. Yəni hissi konkretlik, obrazlılıq əsərin əsas bədii xüsusiyyətidir. Bütün bunlar şairin şəxsi duyğuları şəklində ümumiləşdirildiyindən, insanın yalnız mənəvi həyatına deyil, cismani, bioloji həyatına aid bir çox müşahidələri əks etdiyi üçün olduqca təbii və inandırıcıdır:

Qızıl günəş işıq salıb,
Min çiçəklə gəlib bahar,
Atalardan bir söz qalıb,
Hər gecənin gündüzü var.
Söz bura çatdı qoy deyim,
Sabirə yüz rəhmət ola,
Həqqi deyib, qəbri onun,
Həşrə kimi nurla dola.
Sən deyən olmayıb hələ,
Arxa su dolmayıb hələ,
Köhnədən çox əsər durur,
Rəngi də solmayıb hələ.
Atalar da böylə deyib,
Yaxşıdan yaxşılıq törər,
Hər eli sən sən ağırlasan,
Öz elin də hörmət görər.

Bayatı formasında yazılmış bu poemada çox dərin mənalı müşahidələr, müdrik həyati fikirlər və hikmətamiz düşüncələr öz əksini tapıb. Poemada tez-tez atalar sözlərindən, zərb misallardan peşəkarlıqla istifadə eləyən, eyni zamanda folklor motivlərindən bir an belə kənara çıxmayan, bir çox güneyli şairlər kimi dahi Sabiri özünə ustad hesab eləyən Savalan olduqca yığcam, lakonik bir şəkildə, eyni zamanda poetik qəlibdən tamamilə kənara çıxmayaraq böyük sevgi ilə yad edib, onun yalnız həqqi söylədiyini dilə gətirir.
Savalanın poeziyasında folklor motivləri ümumi mövzu vüsətinə, ictimai-siyasi və fəlsəfi-əxlaqi dərinliyə malikdir. Şairin poeziyası böyük sənətkar nəfəsilə isindiyindən, vətənpərvərlik duyğuları şəklində tərənnüm olunur:

Hərdən duyuram ki, mənim ömrüm hədər oldu,
Çox sevdiyim ellər dağılıb dərbədər oldu.
Bax kim, yanıram yurduma haqsızlıq ucundan,
Gör yurdumun oğlanları küskün kədər oldu.
Yadlar dedilər: "İndi bizik sizlərə hakim",
Odlar evini özgələr artıq güdər oldu...

("Hədər oldu". "Parçalanmış millətin harayı" Nurlar-Bakı-2007. səh.246).
Füzulidən sonra Azərbaycan ədəbiyyatını yeni yüksək mərhələyə qaldıran, ədəbi inkişafda tamamilə yeni bir dövr açan Molla Pənah Vaqif olub. Sosilizm ideologiyasının amansız hücumları zamanı bəzi ədəbiyyatşünaslar belə bir fikir formalaşdırmaq istəyirdilər ki, guya Vaqif klassik ədəbiyyatın köhnəlmiş ənənələrini pozub və Azərbaycan ədəbiyyatında yeni bir cığır açıb. Ancaq Vaqif heç vaxt klassik ədəbiyyatın ənənələrini pozmayıb, əksinə, ondan bəhrələnərək ədəbiyyatda yeni üslublar, formalar yaradıb. Lakin Vaqifin ən böyük xidmətlərindən biri onun ərəb-fars tərkibli sözlərdən istifadə etmədən bir-birindən gözəl nümunələr yaratması idi. Vaqif şeir dilini sadələşdirib, hər kəsin, ən savadsız bir insanın başa düşəcəyi dildə yazıb, bununla da əslində zəngin Azərbaycan folklorunun yeni bir səhifəsini yaradıb.
Məhz Vaqifin ədəbi irsindən bəhrələnən şairlər Azərbaycan ədəbiyyatında xalqın asan qavrayacağı, rahat mənimsəyəcəyi bir yolla irəliləməyə başlayıb və təmiz Azərbaycan dilində incilər meydana gətiriblər. Savalanın yaradıcılığına, şeiriyyətinə nəzər yetirdikdə, onun da bu yolun davamçılarından olduğu, təmiz Azərbaycan dilində yazıb-yaratdığı açıq-aşkar özünü göstərir.
Güney Azərbaycanda başda Məmmədhüseyn Şəhriyar olmaqla Azərbaycan dilinin saflaşmasında, paklaşmasında böyük xidmətlər göstərən şairlər sülaləsi meydana gəlmişdi ki, indinin özündə də bu sülaləyə qoşulanlar, bu gözəl ənənəni davam etdirən sənətkarlar mövcuddur.
Əlbəttə, istər Savalanla, istər Şəhriyarla, istər başqa güneyli şairlərlə bağlı belə bir sual meydana çıxa bilər; -Güney Azərbaycanda fəaliyyət göstərən şairlər azərbaycanlıdırlar, Azərbaycan dilində yazıb-yaratmaq onların müqəddəs borcudur. Lakin nəzərə alsaq ki, İranda hələ indinin özündə də Azərbaycan dilində məktəb yoxdur, təhsil yalnız fars dilindədir, onda Güney Azərbaycanda, Azərbaycan dilində yazıb-yaratmağın, özü də olduqca gözəl bədii nümunələr meydana gətirməyin nə qədər çətin olduğunu anlayarıq.
Şübhəsiz ki, Savalan da fars dilində təhsil alıb və onun Azərbaycan dilinin bütün incəliklərindən olduqca məharətlə, peşəkarlıqla istifadə etməsi heyrətamizdir. Savalanın poetik təfəkkürünün məhsulu olan əsərlərində folklor motivlərinin yer alması da onun xalqının keçmişinə, məişətinə, doğma dilinə, adət-ənənəsinə, xalq yaradıcılığına bütün varlığı ilə bağlı olmasından irəli gəlir.
Savalan yazdığı bayatılarda navatorluq özünü qabarıq şəkildə göstərir və müasir şeirimizdə bədii navatorluğun müxtəlif formalarından birini təşkil edir. Onun bayatıları xalq ədəbiyyatından mayalanmaqla yanaşı, öz oxucusuna ana dilini əziz tutmağı, yüksək mənəvi keyfiyyətlərə, nəcib sifətlərə malik olmağı, yaşadığı torpağı, vətəni sevməyi, mərd-mərdanə yaşamağı tövsiyə edir:

Əzizim, qara gözlər,
Baxırsan hara gözlər?
Qolların sal boynuma
Çatdıq ilqara gözlər.

Muğana, Milimə deyim?
Ölkəmə, elimə deyim?
Ana dili adlı bir şey var,
Can qurban dilimə deyim.

Yaz olar çaylar daşar,
Yay olar dayazlaşar,
Elin hər kəs itirsə
Getsə hər yerə çaşar.

Vüqar Əhməd,
filologiya elmləri doktoru, professor