“Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200” Mədəniyyət

“Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits - 200" Beynəlxalq Kollokviumu adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud"un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunub. Tədbirdə çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla bildirib ki, Beynəlxalq Kollokvium "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı məqsədilə ilboyu keçiriləcəyi nəzərdə tutulan geniş tədbirlər planının müzakirəsi çərçivəsində keçirilir: "Kollokviumda Azərbaycanla yanaşı, Avropa ölkələrindən, Türkiyədən qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edirlər. Müzakirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində təşkil olunacaq. "Kitabi-Dədə Qorqud" dastanının həm ölkə daxilində, həm də xaricdə hərtərəfli tanıdılması məqsədi ilə elm adamlarının verdikləri təkliflər əsasında hazırlanan proqram Kollokviumun əsas müzakirə mövzusudur". AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və başqaları tədbirin keçirilməsinin əhəmiyyətindən, "Kitabi-Dədə Qorqud" dastanının beynəlxalq aləmdə daha çox tanıdılmasının vacibliyindən söz açıblar. Qeyd edək ki, 50-dən çox yerli və xarici elm adamlarının, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Kollokviumda "Kitabi-Dədə Qorqud" dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.