Muğam Mərkəzində ecazkar skripka gecəsi Mədəniyyət

Muğam Mərkəzində ecazkar skripka gecəsi

Bu və ya digər musiqi alətinin ecazkar səsini dinləyəndə, onun hansı zəhmət bahasına hazırlanması barəsində düşünmürsən... Səni sadəcə dinlədiyin musiqi və sehri ilə iç-içə olduğun səslər maraqlandırır...
Martın 3-də Beynəlxalq Muğam Mərkəzində qeyri-adi bir gecə yaşandı. Romada skripka emalatxanasının yaradıcısı, uzun illər ərzində görkəmli musiqiçilərin skripkalarının bərpası və hazırlanması ilə məşğul olan Klod Lebe səhnədən öz sənətinin sirlərindən söz açdı.
Mədəniyyər və Turizm Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə keçirilən tədbir İtaliyanın Azərbaycandakı səfirliyi və Azərbaycan-İtaliya Assosiasiyası tərəfindən təşkil olunmuşdu.
Bu gecə Muğam Mərkəzində Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərini, millət vəkillərini, ictimaiyyətin tanınmış nümayəndələrini görmək mümkün idi.
Öncə səhnəyə İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutilio çıxdı və tyədbirin təşkilatçılarına təşəkkürünü bildirdi:
"Biz Azərbaycanda tez-tez konsertlər təşkil edir, tanınmış musiqiçilərimizi buraya dəvət edir və ifaçıarı buradan İtaliyaya göndəririk. Bütün bunlar bizim ölkələrimiz arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsi üçün edilir. Bu gecənin təşkilində bizə dəstək verən hər kəsə öz təşəkkürümü bildirirəm ".
Səfirin çıxışından sonra səhnəyə gənc və istedadlı skripka ifaçısı Cəmilə Əskərzadə çıxdı.
Cəmilə ona məxsus olan alətdə ifa etmək əvəzinə səhnəyə qoyulmuş masadan Klod Lebenin hazırladığı alətlərdən birini götürdü... Onun bu hərəkəti alqışlarla qarşılandı.
Daha sonra gecənin qəhrəmanı – Klod Lebe səhnəyə çıxaraq Cəmiləyə təşəkkürünü bildirdi: "Mənim hazırladığım alətlərdə ifa etmək çox çətindi. Çünki onların çoxu köhnədi. Mükəmməl ifa üçün Cəmiləyə təşəkkür edirəm".
Klod Lebe tamaşaçılara öz tərcümeyi-halından, keçdiyi yoldan da döhbət açdı və bildirdi ki, Romada emalatxana açmaq onun ən böyük arzusu olub.
Klod Lebenin maraqlı söhbətindən sonra səhnəyə yenədən gənc ifaçı Cəmilə çıxdı və müqayisə edtmək mümkün olsun deyə, öncə böyük skripka ustasının 1972-ci ildə hazırladığı, sonra isə müasir skripka alətində ifa etdi.
Ecazkar musiqi gecəsi pianoçu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Kəmalə Əlizadə və vialonçel ifaçısı Perluici Ruqieronun ifaları ilə davam etdi. Onlar Verdi-Braq, Rossini-Offenbax, Kəmalə Əlizadə, Stefano Muskaritolo və digərlərinin əsərlərini ifa etdilər.
Onların ifasında, eyni zamanda "Sarı gəlin" xalq mahnısı da səsləndi.
Gecənin sonunda Klod Lebe tamaşaçılara öz təşəkkürü bildirdi və onların bütün sullarını cavablandırmağa hazır olduğunudedi...
Beləliklə də Beynəlxalq Muğam Mərkəzində keçirilən maraqlı və marifləndirici bir gecə başa çatdı. Amma tamaşaçılara böyük sevinc bəxş edən bu gecənin izləri şübhəsiz ki, uzun illər yaddaşlardan silinməyəcək.