Tehranda İran-Azərbaycan biznes forumu keçirilib İqtisadiyyat

Tehranda İran-Azərbaycan biznes forumu keçirilib

İranla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilir

Tərlan

Dekabrın 21-də Tehranda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə İran - Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 350-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və əməkdaşlığımız iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir. Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlığın vacibliyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının təmsil olunduğunu diqqətə çatdırmışdır. Yeni əməkdaşlığın qurulması baxımdan biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Tehranda keçirilən biznes forumun iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirmişdir. İran yüklərinin Azərbaycan üzərindən digər ölkələrə daşınması üçün ölkəmizin geniş tranzit imkanlarına malik olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində işin aparıldığını qeyd etmişdir. Bildirilmişdir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacaqdır.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi isə çıxışında İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd etmiş, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşmüş, İran regionları ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarını diqqətə çatdırmışdır.
Tədbirdə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Mohsen Calalpur iş adamları arasında əlaqələrin genişləndirilməsinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin müdir müavini Zaur Məmmədov sənaye parkının fəaliyyətinə və burada iş adamları üçün yaradılmış əlverişli imkanlara, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın baş direktorunun müavini Samir Qasımov isə təmsil etdiyi şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış etmişlər. Biznes forum çərçivəsində Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" və İranın "Abad Rahan Pars İnternational" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatmışdır.
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib. İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuş əlaqələrin genişlənməsi üçün qısa müddət ərzində bir sıra işlərin görüldüyü diqqətə çatdırılmışdır. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan və İran arasında iqtisadi, ticarət və turizm sahəsində əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək, ölkələrimiz arasında yükdaşımalar dəfələrlə artacaqdır. Mahmud Vaezi İran və Azərbaycan arasında iqtisadi, ticarət, elmi və mədəni sahələrdə əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini qeyd etmiş, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlərin əlaqələrimizin daha da inkişafında əhəmiyyətini vurğulamışdır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə görüşündə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, son dövrdə ölkələrimiz arasında 50-ə yaxın qarşılıqlı səfərin həyata keçirilməsi, biznes forumların təşkili əlaqələrimizin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. Vurğulanmışdır ki, Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr də aparılmışdır. Nazir Əli Teyyibniya Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində son zamanlar görülən işlərin müsbət nəticə verəcəyinə əminliyini vurğulamış, ticarət əlaqələrinin inkişafı baxımından nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan və İran arasında gömrük-keçid məntəqələrində 24 saatlıq iş rejiminin tətbiqinin vacibliyini qeyd etmişdir.
İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlar, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncamı Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan nümayəndə heyəti səfər zamanı İranın birinci vitse-prezidenti İshaq Cahangiri tərəfindən qəbul edilmişdir. Görüşdə İshaq Cahangiri İranın Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu qeyd etmiş, ölkəsinin Azərbaycanla regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulamışdır. Nazir Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini qeyd etmiş, Azərbaycanın İranla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırmışdır.