Rusiya iqtisadiyyatında dramatik vəziyyət İqtisadiyyat

Rusiya iqtisadiyyatında dramatik vəziyyət

Almaniyanın "Focus Online" nəşri vəziyyəti analiz edərək yeddi əsas faktoru önə çəkib

Cavid

Əgər Vladimir Putinə inansaq, Rusiya iqtisadiyyatı əla vəziyyətdədir. Bu yaxınlarda verdiyi müsahibəsində, Putin, hətta Qərbin sanksiyalarının onun ölkəsinə xeyir verdiyini izah etməyə çalışırdı. Amma əsl həqiqətdə Rusiya iqtisadiyyatında nə baş verir? Almaniyanın "Focus Online" nəşri vəziyyəti analiz edərək, yeddi əsas faktoru önə çəkib.

Dövlət büdcəsindəki vəziyyət

Rusiyanın dövlət büdcəsindəki vəziyyət ürəkaçan deyil. 2013-cü və 2014-cü ildə dövlət büdcəsinin saldosu təxminən mənfi 1,3 % olub. Lakin 2015-ci ildəki büdcə kəsiri 6,7 %-ə çatıb. Bu cür istiqamət dövlət borcunda da müşahidə edilir. Büdcəyə nisbətdə dövlət borcu 2013-cü ildə 14 faiz olduğu halda, bu göstərici 2015-ci ildə 20,4 faizə kimi yüksəlib. Davam edən böhran Rusiya dövlətinə getdikcə daha çox təsir etməyə başlayacaq.

Neftin qiyməti

Neftin qiymətinin azacıq yüksəlməsinə baxmayaraq, hələlik bu göstərici orta səviyyənin altındadır. Neftin qiyməti, xüsusən Rusiyaya çox güclü təsir göstərir. Böhrana qədər enerji idxalı Rusiya ÜDM-nin yeddidə bir hissəsini təşkil edirdi. Ümumiyyətlə isə 2013-cü ildə Rusiya 356 milyard dollarlıq neft və qaz idxal edib. Keçən il neftin qiyməti iki dəfə düşəndə Rusiyanın gəlirləri fəlakətli şəkildə azaldı.
Ucuz neft qiyməti – Rusiya iqtisadiyyatı üçün fəlakətdir. Vladimir Putinin özü də bu məsələdən sükutla yan keçə bilmir. Rusiya prezidenti "gəlirlərin təhlükəli enişindən" danışır.

Rublun məzənnəsi

Neftin aşağı qiymətinin effekti valyuta effekti ilə daha da dərinləşir. Rusiya valyutası son illər dollar qarşısında xeyli geriləyib. Yəni, Rusiya indi nəinki nefti iki dəfə ucuz satır, hətta valyuta effektinə görə, yəni aşağı neft qiyməti hesabına daha az gəlir götürür. Axı dünya bazarında neft dollarla satılır. Bundan əlavə Rusiyada idxal bahalaşıb. 2014-cü ildə ölkəyə 308 milyard dollarlıq mal daxil olub. Yaxşı xəbər isə Rusiya ixrac məhsullarının ucuzlaşmasıdır.
Rubl aşağıya doğru yuvarlanır. Buna yalnız bəzi ixrac şirkətləri sevinə bilərlər. Ancaq iqtisadiyyatın böyük bir hissəsi tənəzzül fazasına daxil olub.

Ümumi Daxili Məhsul

Neft və rublun qiyməti ilə yanaşı ölkənin Ümumi Daxili Məhsul da aşağı düşüb. Əgər 2013-cü ildə ÜDM adam başına 14500 dollar, 2014-cü ildə 12700 dollar idisə, 2015-ci ildə 8450 dollara qədər geriləyib. Valyuta effekti olmadan ÜDM bu cür kəskin düşməzdi. Rusiyanın ÜDM-si dollar ifadəsi ilə götürsək, çox aşağı düşüb. Belə bir vəziyyətdən Rusiyanın satış bazarı xeyli əziyyət çəkir.

İşsizlik

Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra, Rusiyadakı işsizlik səviyyəsi beş faizdən altı faizə yüksəlib. İşsizliyin nisbətən az artmasının səbəbi, şirkətlərin əsas etibarı ilə işçiləri işdən çıxarmaq yerinə, onların iş saatlarını azaltması ilə bağlıdır. İqtisadi problemlərə baxmayaraq, işsizlik nisbətən çox da yüksək səviyyədə deyil. Ancaq bu nəyisə dəyişmir, çünki əksər ailənin əlindəki vəsait xeyli azalıb.

İnflyasiya

Avropada bir neçə ay ərzində inflyasiya praktik olaraq sıfır səviyyəsində qaldığı bir vaxtda, Rusiyada qiymətlər əhəmiyyətli dərəcədə yüksəlib. 2015-ci ildə inflyasiya 15,8% səviyyəsində olub. Müşahidəçilər hiperinflyasiyadan ehtiyatlanırdılar. Lakin vəziyyət deyəsən sabitləşir. 2016-ci ilin yanvarında qiymətlərin yüksəlişi ilk dəfə aşağı düşərək birrəqəmli – 9,8% təşkil edib. Belə görünür ki, hiperinflyasiya geridə qalıb. Amma Rusiyadakı qiymətlər yüksək səviyyədədir. Bundan isə istehlakçılar əziyyət çəkir.

Ticarət balansı

Rublun ucuzlaşmasına görə, Rusiyada ticarət balansının artıqlığını müşahidə etmək olar. 2014-cü ildə ticarət balansı 190 milyard dollar təşkil edirdi və təxminən əvvəlki illərdəki səviyyədə idi. İndi idxalat 300 milyard dollardır, ixracat isə sabit səviyyədə, 500 milyard dollar həcmində qalıb.
Praktik olaraq, böhran hələ ticarət balansına toxunmayıb. Yəni, Putinin ticarət balansı barəsində dedikləri düzdür. O, bu barədə deyib: "Aşağı neft qiymətləri hələki ticarət balansının yükünü yüngülləşdirir".

Qısa icmal

Ticarət balansından başqa Rusiya praktik olaraq, bütün aspektlər üzrə həyəcanlı göstəricilər nümayiş etdirir. İsveçrənin "USB" bankının əməkdaşı Tatyana Boroditskayanın proqnozuna görə, kövrək rubl daxili tələbatı irəlidə də zəiflədəcək və növbəti on iki ay ərzində neft yenidən yüksələrək, Rusiya iqtisadiyyatına dəstək olacaq. Bütün bunlara baxmayaraq, Rusiya müxtəlif risklərlə müşahidə edilən bir ölkə kimi qalacaq.