Neft və dollarla bağlı proqnoz İqtisadiyyat

Neft və dollarla bağlı proqnoz

Dünya bazarında neftin bahalaşması ilə yanaşı, dolların da möhkəmlənməsi prosesi baş verə bilər.
Bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, bir müddət sonra neftin dünya bazarında qiyməti 50 dollaradək qalxa bilər:
"Bu gün üçün neftin dünya bazar qiymətlərinin 40 dollar civarında olması əslində normal səviyyədir. Düzdür, bu, slans neftinin hasilatı üçün qənaətbəxş deyil. Ancaq fakt ondan ibarətdir ki, sözügedən neftin də maya dəyəri əvvəl deyildiyi kimi heç də artıq 60 dollar həddində deyil, aşağıdır. Bunu onun neftin qiymətinin bir ara hətta 30 dollardan aşağı düşməsinə tab gətirməsi də sübut etdi. Bununla belə ABŞ-da ümumən hasilat enir. Hazırda bu ölkədə hasilat 2014-cü ilin dekabrı səviyyəsindədir. Aktiv qazma qurğularının sayı isə 7 il əvvəlki qədərdir. Bütün bunlarla yanaşı, ilin II yarısında neftin dünya bazarlarında qiymətinin həqiqətən də 50 dollara yaxınlaşacağı realdır".
Bununla yanaşı, ekspert hesab edir ki, ABŞ-da dolların möhkəmlənməsinə dair qərar qəbul edilsə, dollar yenə bahalaşacaq:
"Hazırda ABŞ iqtisadiyyatında vəziyyət yaxşı olduğundan Federal Ehtiyat Sistemi (FES) aprel ayında həqiqətən baza faiz dərəcəsini artıra bilər. Bu isə yenidən dolların möhkəmlənməsinə rəvac verəcək. FES əslində, bu il üçün baza faiz dərəcəsini 4 dəfə qaldırmağı planlaşdırıb. Lakin ilin I rübündə bu istiqamətdə heç bir qərar qəbul etmədi. Çünki buna əsas etibarı ilə Çin və Avropa Birliyində devalvasiya tədbirləri imkan vermədi. Əslində, FES faiz artımına yenə getməyə bilər, çünki dolların bahalaşması ABŞ-ın ixracını məhdudlaşdırır. Lakin neftin qiyməti bahalaşmağa meyl etsə, FES faizi qaldırmalı olacaq. Məsələ bundadır ki, bu da OPEK-in apreldə keçiriləcək iclasında veriləcək qərarından asılıdır".