Əmlak Komitəsi hüquqi məsləhət xidmətlərinin göstərilməsinə başlayıb İqtisadiyyat

Əmlak Komitəsi hüquqi məsləhət xidmətlərinin göstərilməsinə başlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) respublikada mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması və qeydiyyat xidmətlərinin daha səmərəli göstərilməsi məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətlərinin göstərilməsinə start verib. Komitədən AZƏRTAC-a bildirilib ki, artıq vətəndaşlarımız, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan əvvəl bir ünvanda – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərində təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilərlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirməkdir.
Bu xidmət vətəndaşlarımızın əmlakını qeydiyyata aldırması, əmlakın alğı-satqısı, mənzillər, fərdi evlər, həyətyanı, pay və digər torpaq sahələrinə çıxarış və digər arayışların alınması qaydaları barədə hüquqi biliklərin artırılmasını təmin edir. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edir, burada öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və digər xidmətlərlə bağlı suallarını bildirir. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri bütün bu sualları cavablandırır və həlli istiqamətində müvafiq məsləhətlərini verirlər və zəruri hüquqi yardımı göstərirlər. Həmçinin hüquqşünaslar müraciət edən şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən verilməsi, əldə edilməsinin qanunla müəyyən edilmiş qaydaları barədə də məsləhətlər verirlər.
Eyni zamanda, xidmət mülkiyyət hüquqlarının qorunması ilə bağlı vətəndaşların qarşılaşdığı digər çətinliklərin də aradan qaldırılmasına zəmin yaradacaq. Bəzən vətəndaşlar qanunvericiliyə uyğun olmayan sənədlərlə çıxarış alınması üçün ərazi qeydiyyat idarələrinə müraciət edirlər. Həmçinin belə əmlaklar dövlət reyestrindən çıxarış olmadan alğı-satqı əməliyyatlarına cəlb olunur və vətəndaşlar məlumatsız olduqları üçün belə əmlakları alır, lakin sonradan sənəd çatışmazlıqları səbəbindən çıxarış əldə edə bilmirlər. Belə əmlaklar çıxarış olmadığı üçün hər hansı hüquqi əməliyyata və digər hüquqi proseslərə cəlb oluna bilmir. Bəzən təyinatına zidd olan, mühafizə zonalarına aid edilən torpaqların alğı-satqı faktlarına da rast gəlinir. Lakin qanunvericiliklə qadağan olunduğu üçün vətəndaşlar sonradan belə torpaqlara dair çıxarış ala bilmirlər. Belə halların baş verməməsi üçün vətəndaşların əvvəlcədən məlumatlandırılması məqsədilə də bu xidmət çərçivəsində müvafiq məsləhətlər verilir, məlum hüquqi məsələlər izah edilir və hüquqi yardım göstərilir. Bu yenilik əmlak qanunvericiliyi ilə bağlı ictimai maariflənmənin genişlənməsinə səbəb olmaqla yanaşı, əmlakın qeydiyyatını da sürətləndirəcək. Bununla bərabər, mülkiyyət mənafelərinin qorunmasında ictimai məmnunluğun artmasına, daşınmaz əmlak bazarında aktivliyə səbəb olacaq.