“Kredit faizləri ilə bağlı məsələni müzakirə etmək fikrindəyik” İqtisadiyyat

“Kredit faizləri ilə bağlı məsələni müzakirə etmək fikrindəyik”

Vahid Əhmədov: "Bankların bağlanmasını istəmirik, amma bu banklar birləşdirilməli, fəaliyyəti tənzimlənməlidir"

"Sözün açığı, devalvasiyadan sonra baş verən gərginlikdə hansısa yumşalma hiss etmirəm. Amma dövlət başçısı və hökumət tərəfindən ciddi adımlar atıldığını, fərman və sərəncamlar imzalandığını görürük, bu da müsbət haldır. Devalvasiyadan sonrakı prosesləri yumşaltmaq üçün belə tədbirlərin olması vacibdir. Problemlər hələ çoxdur, onları həll etmək lazımdır. Hazırda ən çox çatışmazlıq bank sektorunda, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlıdır". Bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. O, əlavə edib ki, amma idxal-ixrac əməliyyatlarındakı şəffaflıq, vergi sistemindəki dəyişiklik təqdirolunası haldır: "Yəni müəyyən işlər görülür, amma mən bir iqtisadçı kimi deməliyəm ki, bunlar kifayət deyil. Biz 2016-cı il üçün təxirəsalınmaz tədbirlər planı hazırlamalıydıq ki, həm bölgələrdə, həm də mərkəzlərdə yeni iş yerlərinin açılmasına nail olaq, əhalinin sosial problemlərini qismən də olsa aradan qaldıra bilək. Düzdür, son iki ayın statistikasına görə, kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında artım var. Amma bu, mövcud vəziyyət üçün uğurlu göstərici deyil, yəni bizim görəcəyimiz işlər həddindən artıq çoxdur. Xüsusilə bank sektorunda ciddi islahatlar aparılmalıdır. Mərkəzi Bank buna başlasa da, işlər yarımçıq qaldı. Hesab edirəm ki, görüləcək işləri intensivləşdirmək həm hökumət, həm də əhalinin sosial müdafiəsi üçün faydalı olar".
Bir neçə gün öncə imzalanan "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Prezidentin Sərəncamını şərh edən deputat "əsas odur ki, iqtisadi islahatlara start verilib",- deyə vurğulayıb: "Buna misal olaraq elə sizin qeyd etdiyiniz antiböhran proqramını qeyd etmək olar. Bu, çox ciddi, Azərbaycanın yaxın və uzaq gələcəyi üçün çox uğurlu proqramdır. Proqram əsasən turizm, kənd təsərrüfatı, maşınqayırma, sənaye və digərləri olmaqla 8 prioritet sahəni əhatə edir. Yəni bu sahələrin inkişfaına diqqət ayrılamalı, daha çox investisiya yatırılmalıdır. Artıq bu işlərə start verilib və ən əsası bu, qeyri-neft sektorunu əhatə edən, iqtisadi islahatları stimullaşdıran mükəmməl sənəddir.
Əlbəttə, struktur islahatlarını da qeyd etmək lazımdır. Mən bu yeniliklərdən gözləntim çoxdur. İqtisadi islahatlar bir yana, hazırda aparılan struktur islahatlarını – qurumların birləşdirilməsini, kadr islahatını elə regionlarda idarələrin birləşdirilməsi bu yeniliyin tərkib hissəsidir. Güman edirəm ki, bu islahatlar davam edəcək".
Onun fikrincə, bizim hazırda islahatçı komandaya ehtiyacımız var:"Gedən proseslər məni qane edir, sadəcə bunun sürətli olmasını istərdim. Hazırda struktur islahatları aparılır. Konkret demək olmaz ki, hansı qurumlar ləğv olunmalı və yaxud biri digərinə birləşdirilməlidir. Çünki əvvəlcə dəqiqləşdirmələr aparılır, sonra qərar verilir. Qeyd edim ki, struktur islahatlarlı davam edir və bəzi qurumların fəaliyyəti nəzərdən keçirilir. Ona görə də hansısa qurumların ləğv olunacağı və ya birləşdiriləcəyi istisna ounmur.
Üç aydır parlamentdə məsələ qaldırmışam ki, devalvasiyadan sonra əhali arasında narahatlıq var, banklarla narazılıq gündən- günə artmaqdadır. Bank rəhbərləri və digər aidiyyəti şəxslərlə görüşlərin təşkili üçün parlamentə müraciət etmişəm, lakin hələ də müsbət cavab ala bilmirəm. Mənə gələn çoxsaylı suallardan biri kredit faizləri, kreditlərin qaytarılması ilə bağlıdır. Biz bu probelmləri bilirik, amma bunları araşdırmaq, həll etmək üçün ümumi müzakirəyə ehtiyac var. Milli Məclisə təklif etmişəm, növbəti iclasda bunu bir daha xatırladacam ki, parlamentdə deputatlarla bank rəhbərlərinin görüşü təşkil olunsun, qarşılıqlı anlaşma şəraitində bu sahədəki problemlər, onlardan çıxış yollarını müzakirə edək. Yəni yaxından bilək görək, bu qurumların dərdi nədir ki, bu sahənin problemləri bitib tükənmək bilmir. Bəlkə elə onlara hansısa kömək lazımdır.
Ümumi razılıq var. Aprelin 5-də parlamentin növbəti iclasında mən bu məsələni yenə gündəmə gətirəcəm. Çox çalışırıq ki, bu görüşü keçirək, öyərənək görək bank sistemində islahatlar niyə gecikir. Bizim də təbii ki, təkliflərimiz var. İllər əvvəl demişdik ki, Azərbaycan üçün 40 bankın olması çoxdur. Bankların bağlanmasını istəmirik, amma bu banklar birləşdirilməli, fəaliyyəti tənzimlənməlidir. Ən əsası hamının yaralı yeri olan kredit faizləri ilə bağlı məsələni müzakirə etmək fikrindəyik. Parlamentin uğurlu fəaliyyətindən söz düşmüşkən, son vaxtlar bir sıra qərarlarda dəyişiklik olunmasını, bank sektorunda əmanətlərin qorunması ilə bağlı qərar verilməsini vurğulaya bilərəm. Amma bu işlər ləng gedir, təzə qanunlar qəbul olunmalıdır, xüsusilə sənayenin inkişafı ilə bağlı təkliflərə, konkret qərara ehtiyac var. Çünki ölkə başçısı İlham Əliyev də çıxışlarında bildirir ki, idxal azaldılmalıdır, idxalda istifadə olunan bəzi komponentlər ölkə daxilində hazırlanmalıdır. Bütün bunlar vaxtında yerinə yetrililməlidir ki, 2016-cı ildən uğurla çıxa bilək. Bu il Azərbaycan iqtisadiyyatı üçün sınaq ilidir. İli problemsiz başa vurmaq üçün bütün qüvvələrimizi səfərbər etməliyik".