Berlində Azərbaycan-Almaniya İqtisadi Forumu İqtisadiyyat

Berlində Azərbaycan-Almaniya İqtisadi Forumu

İyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışı olub.
Azərbaycan prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.
Almaniyanın vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel Forumun keçirilməsindən məmnun olduğunu bildirib, bir neçə gündən sonra Bakıda baş tutacaq "Formula-1" yarışlarının uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Ziqmar Qabriel "Cənub Qaz Dəhlizi" layihəsinin əhəmiyyətinə toxunaraq onu Xəzərin karbohidrogen ehtiyatlarını Avropaya çatdıracaq yeni layihə kimi xarakterizə edib.
Vitse-kansler ölkəmizin yüksək nailiyyətlər əldə etdiyini deyib, iqtisadi inkişafına görə Azərbaycanın bir neçə il dalbadal dünyada birinci olduğunu diqqətə çatdırıb. Ölkəmizdə çalışan alman şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini deyən iqtisadiyyat və enerji naziri Azərbaycanın üzləşdiyi ən böyük problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edərək tərəflərin Vyana görüşündən sonra nizamlama ilə bağlı nikbinliyin yarandığını söyləyib. O, Almaniya ilə Azərbaycan arasında güclü əlaqələrin olduğunu bir daha vurğulayaraq bu Forumun ikitərəfli əlaqələrə güclü dəstək verəcəyini bildirib.
Forumda çıxış edən Prezident İlham Əliyev Almaniya ilə Azərbaycanın yaxşı tərəfdaş olduğunu, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirib. Münasibətlərin iqtisadi əlaqələrin inkişafına da təsir etdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün təhlükəsizlik və sabitlik vacibdir.
Son vaxtlar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş verən hadisələrə diqqəti cəlb edən prezident vurğulayıb ki, atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz.
İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlət başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il əvvəl yaşadığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib.
"Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək", - deyən prezident İlham Əliyev bildirib ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir.
Son 25 ildə ölkədə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub.
"Biz Ermənistanla atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik", - deyən dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Avropaya qaz ixracını təmin edəcək layihənin 2012-ci ildən icra olunduğunu bildirən prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin mühüm qolu olan TAP-ın inşasının uğurla davam etdiyini deyib. Dövlət başçısı layihə üzrə güclü tərəfdaşlıq komandasının yarandığını vurğulayıb, bu layihələrə Avropa İttifaqının da böyük dəstək verdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bütün tərəfdaşlara fayda verəcək bu layihənin mənbələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Hazırda ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini deyən dövlət başçısı ixrac potensialının şaxələndirilməsi, kənd təsərrüfatının, informasiya-kommunikasiya texnologiyalarının, nəqliyyat sektorunun inkişaf etdirilməsinin prioritet məsələlər sırasında olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib, Bakıda ən böyük dəniz limanının tikintisinin aparıldığını, bununla da ölkəmizin gələcəkdə logistik mərkəzə çevriləcəyini söyləyib.
Keçən il Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdıran dövlətimizin başçısı bu ay ölkəmizdə "Formula-1" yarışlarının, gələn il isə IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini deyib. Azərbaycan Prezidenti bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu bildirib.
"Biz Azərbaycanda daha çox alman şirkətlərini görmək istəyirik", - deyən dövlət başçısı ölkəmizdə əməkdaşlıq üçün mühüm sahələrin olduğunu vurğulayıb, bu Forumun əlaqələrin daha da möhkəmlənəcəyinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra "Knauf" şirkətlər qrupunun icraçı direktoru, Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitənin idarə heyətinin üzvü Manfred Qrunke və Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin inkişafından danışıblar.