“Azərbaycanda qadın fermerlərin sayı çox azdır” İqtisadiyyat

“Azərbaycanda qadın fermerlərin sayı çox azdır”

Aynur Camalqızı: Çalışdıq ki, fermer qadının portretini cızaq və Azərbaycan oxucularına çatdıraq"

Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihəyə yekun vurulması ilə bağlı tədbir keçirib. Tədbirdə çıxış edən Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı 2 ay davam edən layihənin məqsədinin Azərbaycanın kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək, onların problemlərini öyrənmək, təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərmək olduğunu deyib: "Biz layihə çərçivəsində regionlarda olub, qadınların problemlərini dinlədik. Onların problemlərini aidiyyatı qurumlara çatdırdıq. Təəssüf ki, Azərbaycanda qadın fermerlərin sayı çox azdır. Əslində fermer təsərrüfatlarında çalışan qadınların sayı çoxdur, lakin onlar rəhbər kimi deyil, digər işlərdə çalışırlar. Çalışdıq ki, fermer qadının portretini cızaq və Azərbaycan oxucularına çatdıraq. Təxminən 10-a yaxın rayonda qadınlarla danışıb, onların fəaliyyətlərini işıqlandırdıq". A.Camalqızı Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına artan diqqətlə bağlı kənd təsərrüfatı alternativ sahə kimi tez-tez xatırlandığını deyib: "2015-ci ilin rəsmi statistik məlumatlarına əsasən, ölkədə məşğul əhalinin 36.4%-i kənd təsərrüfatında çalışır. 2016-cı ilin statistik məlumatlarına görə, ölkədə ümumi sahibkarların 19.9%-i qadınlar təşkil edib. Kənd təsərrüfatı ilə məşğul olan fərdi sahibkarların neçə faizinin qadın olması rəsmi statistikada əksinə tapmır. Bizim apardığımız müşahidələr göstərir ki, onların sayları çox deyil. Son illərdə kənd təsərrüfatı işlərinə cəlb olunan qadınların sayında artım müşahidə edilib. Rəsmi məlumatlardan aydın olur ki, qadınlar əksər hallarda kənd təsərrüfatında aşağı məvacibli işlərə cəlb olunur".
Layihənin rəhbəri Faina Hənifəyeva bu layihəni icra edərkən regionlara ezam olunan əməkdaşların qadın fermerlərin problemlərini yerində görmək imkanı yarandığını deyib. O qeyd edib ki, sahibkar qadınların 37 faizi Bakıda, 16 faizi Aran rayonlarında, 15 faizi Gəncə-Qazax rayonlarında fəaliyyət göstərir: "Dekabrda layihənin müddəti başa çatsa da, bu layihəni yekunlaşdırmaq fikrində deyilik. Qadın fermerlərin problemləri ilə yenə də maraqlanacağıq. Layihə çərçivəsində özüm Qusar rayonunda oldum. Lakin orada bir nəfər də olsun qadın fermer tapa bilmədim. Kişilərlə söhbət zamanı bəlli oldu ki, səbəb patriarxal düşüncədir. Lakin həmin rayonda həyətyanı sahə və bir çox işlərdə məşğul olan qadınların sayının kifayət qədər çox olduğunu müşahidə etdik. Məlum oldu ki, bizim kənd təsərrüfatı ilə məşğul olan qadınlar adətən buna məcburiyyətdən başlayıblar. Onlar əsasən ailə başçısını itirəndən sonra məcbur qalıb təsərrüfat sahibi olur". Fermer qadınların problemlərinə toxunan F.Hənifəyeva əsas çətinliyin texnikanın azlığı, bazarın əlçatan olmaması ilə əlaqədar olduğunu deyib: "Fermerlər məhsullarını saxlamaq üçün soyuducuların olmamasından şikayətlənir.Ona görə də yetişdirdiyi məhsulu yalnız mövsümündə dəyər-dəyməzə satmalı olur. Hesab edirəm ki, aidiyyatı qurumlar bu problemi aradan qaldırmalıdır".
Layihə çərçivəsində regionlara ezam edilən jurnalistlərdən Faiq Balabəyli qadın fermerlərə qayğının yetərli olmadığını müşahidə etdiyini bildirib: "Getdiyimiz rayonlarda müşahidələrimiz göstərdi ki, fermer təsərrüfatlarının başçıları kişi, orada işləyənlər isə qadınlardır. Gənc qadınlar fermer sahibi olmaqda ətrafın qınağından qorxur, yaşlı qadınlar isə məhz kişilərin rəhbər olmağını çoxdan qəbul edib. Olduğumuz bütün rayonlarda müşahidə etdik ki, qadınlarımız hamısı işləməyə meyllidir. Qadınlar kiçik təsərrüfat sahələrində böyük işlər həyata keçirirlər. Lakin çətinliklərindən biri də istehsal etdikləri məhsulu sata bilməmələridir. Rayonlara olan reportajlardan sonra bir neçə fermer qadının problemlərini aidiyyatı qurumlara çatdırdıq və həllinə nail olduq. Təəssüf ki, Azərbaycan kişisi çöldə işləyən qadına həqarətlə baxır. Bəzi icra hakimiyyətlərində bu işlə məşğul olan aidiyyatı şəxslər qadınlara birmənalı yanaşmır".
Layihənin vacibliyindən danışan millət vəkili Qənirə Paşayeva xüsusən də, dünya bazarında neftin qiymətinin aşağı düşməsini nəzərə alaraq kənd təsərrüfatına diqqətin artırılmağa ehtiyac olduğunu bildirib: "Hesab edirəm ki, qadın fermerlərin inkişafı üçün ölkəmizdə yetərincə potensial var. Lakin bu işin qurulması üçün bizə yol xəritəsi lazımdır. Bir neçə insana kömək etməklə ümumi problemi həll etmək olmaz. İlk öncə düşüncəni dəyişməliyik. Qadın fermerlərin inkişafı üçün düşüncələr ciddi bir əngələ çevrilir. Bu gün dövlət qurumlarında qadın fermerlərə baxış birmənalı deyil. Ona "zəhmət çəkən qadın" kimi yanaşanlarla yanaşı, "həyat yoldaşı hardadır?" düşüncəsində olanlar, hətta daha çirkin fikirləri dilə gətirənlər olur. Bu sahənin inkişafı üçün rol modellərin təbliği də önəmlidir. Neqativ fikirləri dağıtmağın əsas şərtlərindən biri onların həyat hekayələrinin cəmiyyətə çatdırılmasıdır. Təəssüf ki, telekanallarda bunu müşahidə etmirəm. Hər bir qadının həyat hekayəsinin təqdimatı həm də onların problemlərinin qabardılmasına imkan yaradacaq."
Millət vəkili onu da vurğulayıb ki, qadın fermerlərin inkişafı üçün onların özünə inam hissinin formalaşdırılmasıdır: "Bu gün kənd qadınlarının təsərrüfat sahibi olması üçün imkanlar genişdir. Çünki hər ailənin pay torpağı var. Ancaq bu yetərli deyil. Birgə fermer təsərrüfatı anlayışı yaradılmalıdır. 5-6 nəfər birlikdə təsərrüfatı birləşdirirsə, kommunal xərclər də bölünür. Nəticədə təsərrüfat sahibi olmaq istəyən qadınların qarşısındakı problemlərdən biri azalmış olur. Bununla da qadınlarda özünə inam hissi formalaşdırır. Bu baxımdan hesab edirəm ki, qadınlar arasında maarifləndirmə işinin qurulmasına ehtiyac var. Əlində olan minimum imkanla inkişaf edə biləcəkləri hissini yaratmalıyıq. Bunun üçün onlara kiçik layihə modellərini təqdim edə bilərik. Bəzi fermerlər dövlətin verdiyi imkanlardan xəbərsizdir. Onları məlumatlandırmaq işi də aidiyyatı qurumların üzərinə düşür. Rayon içra hakimiyyətləri, nazirliklərin yerlərdəki qurumları bu işdə böyük rol oynaya bilər. Fermerlərin bazara çıxış imkanları təkcə qadın deyil, bütün fermerlərin problemidir. Ola bilər ki, qadınlar daha çox təsirlənirlər. Bu mənada istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi çox vacib məsələdir. Qadınlarla bağlı bu məsələyə daha həssas yanaşmalıyıq. Biz problemlərin çoxunu həll edə bilərik, bunun üçün yerli qurumların-icra hakimiyyətləri, nazirliklərin yerli nümayəndəliklərinin fikirlərində dəyişiklik etməliyik. Həmçinin qadınların üzərindəki psixoloji basqını da arandan qaldıraraq onlara kömək edə bilərik".
Millət vəkili Fazil Mustafa hesab edir ki, bu məsələ maarifçilikdən daha çox iqtisadi yanaşma tələb edir: "Qadın fermer əkdiyi məhsulu bazarda normal qiymətə sata bilmirsə, onun marağı azalır. Bu problemi gündəmə gətirməliyik. Bu gün yerlərdə ayrı-ayrı qadınların liderlik bacarığı, ya da icra başçılarının ərdəminin ümidinə qalmışıq. Lakin bütün icra başçıları fermerlərə istənilən qayğını göstərmir. Bizə də bu barədə çoxlu müraciətlər olur. Fermer qadınların həyat hekayələri ilə yanaşı onların əllərini çəkib göstərmək lazımdır. Təəssüf ki, qadınlar əllərinin qabarığının bəhrəsini görə bilmirlər. Yerlərdə qadın fermerlərin inkişafına qarşı olan maneələrin aradan qaldırılmasına ehtiyac var. Bu problemin qabardılması çox önəmlidir. Bu gün qadın zorakılığının başlıca səbəbi iqtisadi müstəqilliyin olmamasıdır. Çünki qarşılaşdığı zorakılığa müqavimət göstərdiyi halda, iqtisadi baxımdan dəstəyi itirmiş olacaq".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Sevinc Əlizadə Komitənin qadınlarla daim ünsiyyətdə olduğunu və problemlərin həllinə dəstək olmağa çalışdıqlarını deyib: "BMT-nin dəstəyi ilə 2011-ci ildə mikro layihəyə qoşulmuşuq. Artıq müəyyən bir işlər həyata keçirilib. Bu layihə müddətində müşahidələrimiz göstərdi ki, biznesə başlamaq üçün onların maarifləndilməsinə ehtiyac var. Bu gün Saatlı, Sabirabad, Biləsuvar kimi rayonlarda layihənin izləri var. Həmin layihədə əsasən həyat yoldaşını itirmiş və çətinlikləri olan qadınlara üstünlük verilib. Layihə çərçivəsində Biləsivar və Salyanda 6 heyvandarlıq təsərrüfatı yaradılıb. Həmin rayonlarda həm də Qadın Resurs mərkəzi Yaradılıb. Yerli təşkilatların dəstək olması mütləqdir. Biz də komitə olaraq onları rəsmi formada qeydiyyatdan keçirməyə dəstək verməyə çalışırıq". Komitə rəsmisi bildirib ki, araşdırmalar cənub bölgəsində qadınların savadlılıq səviyyəsi daha aşağı olduğunu, erkən nikahlar da bu bölgələrdə geniş yayıldığını göstərir: "Buna görə də əvvəlcə qadınları təhsilə cəlb etməyə, sonra isə iqtisadi asılılıqlarını aradan qaldırmağa çalışırıq.Bu il ərzində Komitəyə daxil olan şikayətlərin 500-dən çoxu işsizliklə bağlıdır".
Azərbaycan Sahibkarlar Konfederasiyasının koordinatoru Günel Məmmədova qadın fermerlərlə bağlı layihənin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, regionlarda yaşayıb, fəaliyyət göstərən qadınların həm maliyyə savadlılığı artırılmalı, həm də biznesə cəlb edilməlidir: "Bizim Konfederasiyasiyada 16 komissiya fəaliyyət göstərir ki, bunun da biri qadın sahibkarlığın inkişafı komissiyasıdır. Konfederasiyanın altı min sahibkar üzvü var ki, bunların yalnız 350-i qadın sahibkardır. Onların da bəzilərinin əlaqə nömrələri itib, bəziləri kişi sahibkar imiş, sadəcə xanımının adı ilə qeydiyyatdan keçib. Bu xanımların içərisində əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu. Qadın fermerlərlə bağlı layihəni həyata keçirməyiniz çox mühimdir. Konfederasiya olaraq bir çox layihələr həyata keçirsək də indiyə qədər sırf qadınlarla bağlı belə bir layihəmiz olmayıb. Qadınlara sərbəstlik vermək, onlara güvənmək lazımdır. Qadının güclü olduğunu qadınlar özü sübut etməlidir. Ondan başqa bu cür işlərdə birgə fəaliyyət də vacib amillərdəndir".
Qadın fermerlərin fəaliyyətinin genişlənməsi istiqamətində əsasən maarifləndirmə işinin vacibliyinə diqqət çəkən Biznes Universitetinin nümayəndəsi Rahim Sadıqov bildirib ki, xanımlarımızın biznes sahəsinə meyli azdır: "Bizim universitetdə "Menecment və biznesin idarəedilməsi" ixtisası üzrə qəbul həyata keçirilir. O sahədə təhsil alan tələbələrin 80 faizi oğlandır. Regionlarda yaşayan qızlarımız müəllim olmağa üstünlük verirlər. Bu da yaxşı haldır, amma sahibkar olmaq da başqa üstünlükdür. Biznes mühitinə inzibati amillərin də təsiri var. Amma inzibati amillərin olması bizim pessimist olmağımıza şərait yaratmamalıdır. Qadın fermerlərinin məşğuliyyətini inkişaf etdirmək istəyiriksə onlara fərdi yanaşmadan daha çox sistemli yanaşmanı həyata keçirməliyik".
Qadın sahibkarlar biznes mühitinin içində itdiyini deyən "Konstitusiya" Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli ilk dəfədir ki, qadın fermerlərlə bağlı ilk dəfədir belə bir layihə həyata keçirildiyini deyib: "Problemlərinin həlli üçün biz ya qadın fermerlərə ayrıca güzəşt imkanı yaradıb inkişaf etdirməli, ya da ümumi fermer təsərrüfatının tərkibn hissəsi kimi baxmalıyıq. Hesab edirəm ki, qadın fermerlərə ayrıca dəstəyə ehtiyac var. Hələ bilmirik ki, qadın fermerlərin potensialı nə qədərdir. Onların orta gəliri, artımdan İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi də xəbərsizdir. Bu işə bir proqram formasında baışlanmalı, əvvəlcə onların statistikası hazırlanmalıdır. Dövlət sadəcə biznes mühiti yaratmalıdır, ona müdaxilə etməməlidir". "Azərxalça"İstehsalat Birliyinin şöbə müdiri Neva Ağaliyeva təmsil etdiyi qurumun birbaşa fermerlərlə işlədiyini deyib: "Horadizdə yaratdığımız mərkəzdə 150-dən çox qadın xalça toxuyaraq, bu ənənəni davam etdirir. Lakin bu sahənin inkişafı həm də fermer təsərrüfatının inkişafına da dəstək olur. Çünki xalçanın toxunması üçün lazım olan yun, ipəyin alınması üçün fermer qadınlara ehtiyac var. Xalçaçılıq maldarlıq, baramaçılıqla bağlı sahələrdir".

Əli