“İntiharların artması daha çox sosial səbəblərdən qaynaqlanır” İqtisadiyyat

“İntiharların artması daha çox sosial səbəblərdən qaynaqlanır”

Son dövrlər ölkə mətbuatında yer alan xəbərlərdən açıq görünür ki, intihar halları durmadan artır. Mətbuatda intihar hallarının monitorinqi aparılmasa da, xəbərlərin sayında artım olması ciddi narahatçılıq yaradır. Sosial şəbəkələrdə isə son bir ayda 17-dən çox intihar faktına rast gəlindiyi haqda xəbərlər yer alıb. İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Nemət Orucov qəzetimizə bildirib ki, bu haqda informasiyalar ciddi narahatlıq yaradır. Onun sözlərinə görə, intihar hallarının artması həyəcanlı siqnaldır: "Azərbaycanda intiharların artması daha çox sosial səbəblərdən qaynaqlanır. Hesab edirəm ki, müvafiq dövlət qurumları bu istiqamətə diqqəti artırmalı, statistik hesabat aparmalı, mətbuatda yazılanların monitorinqini təşkil etməldiir. Əks halda vəziyyət daha da acınacaqlı ola bilər".
Hüquq müdafiəçisi qeyd edib ki, əslində intihar hallarına həyat şəraiti yüksək olan dövlətlərdə də rast gəlinir: "Ancaq söhbət kütləvi intihar hallarından gedirsə, ən azı ayda biz bir neçə dəfə intihar haqda xəbərlər oxuyuruqsa, burada səbəb sosial problemlərdir. İnsanlar arasında dialoq yoxdur. Əksinə, sosial iqtisadi problemlər, hər kəsin öz dərdi ilə məşğul olması cəmiyyətdə insanlar arası münasibətləri, dialoqu getdikcə azaldır. Sonda düşdüyü vəziyyətdən çıxa bilməyən və ətrafı ilə ünsiyyəti olmayan şəxs intihara əl atır. Bu durum ciddi nəzarətə götürülməlidir. Hesab edirəm ki, bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Statistika Komitəsi isə il ərzində intiharların statistikasını aparmalıdır".
Müsahibimiz hesab edib ki, cəmiyyətdə olan korrupsiya, rüşvət halları da intiharlara hansısa formada təsir göstərə bilir: "Sözsüz ki, cəmiyyəti çürüdən korrupsiya, rüşvət, ədalətsiz münasibətlər aradan qaldırılmalıdır. Xüsusilə təhsil sahəsində bu nəzarət gücləndirilməlidir. İnsanlar ədalətli cəmiyyətdə yaşadığını bilməli və onlarda inam olmalıdır ki, sabah yaranacaq istənilən problemi həll etmək imkanı olacaq. Problemin alternativ həlli yolları olmayanda nisbətən zəif insanlar intihara əl atırlar. Bu cəmiyyətin ümumi problemidir və ona qarşı mübarizə aparmaq, tədbirlər həyata keçirmək lazımdır. Bu tədbir isə sadəcə ədalətli və özünə inanan cəmiyyətin formalaşdırılması ola bilər".