Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək İqtisadiyyat

Azərbaycan-Gürcüstan biznes-forumu keçiriləcək

Gürcüstan hökumətində struktur dəyişikliyi ilə əlaqədar "Caspian European Club" çərçivəsində Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü "CEO Lunch Tbilisi"nin vaxtı dəyişdirilərək dekabrın 15-nə keçirilib. "Caspian European Club"dan verilən məlumata görə, bu barədə "Caspian European Club"un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, arzu edənlər dekabrın 14-dək qeydiyyatdan keçə bilərlər.
O qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə həsr olunmuş biznes-forumda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze üzv şirkətlərin rəhbərləri ilə görüş keçirəcək və onları maraqlandıran suallara cavab verəcəklər. T.Əliyev əlavə edib ki, biznes-forumdan sonra fəxri qonaq qismində Gürcüstan Hökumətinin üzvlərinin iştirak edəcəkləri ənənəvi "CEO Lunch" təşkil olunacaq. T. Əliyev "CEO Lunch Tbilisi"nin sponsoru "PASHA Bank Georgia"nın rəhbərliyinə minnətdarlığını bildirib. O, həmçinin birinci "CEO Lunch Tbilisi"nin "Caspian Energy Georgia"nın fəaliyyətinin rəsmi yenilənməsi mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda keçirildiyini xatırladıb.
T. Əliyev 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyilə 5-ci Beynəlxalq "Caspian Energy Forum"un təşkil olunacağını söyləyib. Forumun açılışında Gürcüstanın baş naziri G. Kvirikaşvilinin iştirakı planlaşdırılır. Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektoru arasında dialoqun nizamlanması üçün aparıcı vasitələrdən sayılan "CEO Lunch Tbilisi" həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır. "Caspian European Club" CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncu cümə günü Tbilisidə "CEO Lunch" təşkil edir.
Qeyd edək ki, "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. "Caspian European Club"un sədri Azərbaycan prezidenti İlham Əliyevdir. Yarandığı ilk gündən "Caspian European Club" neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.