Hərracda satışa çıxarılan əmlakın qiyməti 3 dəfə artıb İqtisadiyyat

Hərracda satışa çıxarılan əmlakın qiyməti 3 dəfə artıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən növbəti hərracda qeyri-yaşayış sahəsinə verilən təklif ilkin start qiymətindən 3 dəfəyədək artıq olub. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, belə müsbət nəticə komitə tərəfindən fevralın 27-də keçirilən növbəti hərracda da müşahidə edilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi hərracda investor kütləsini artırmaqla rəqabət yaradıb. Bəzi əmlakların özəlləşdirilməsi zamanı hərraclarda rəqabətin müşahidə olunması buna əyani sübutdur. Budəfəki hərracda Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracı üzrə təkliflər ard-arda səsləndirilib. Əmlaka 3 nəfər sifariş verib. Həmin obyektin özəlləşdirilməsi ilə bağlı 20 dəqiqə rəqabətli hərrac aparılıb. İnvestorlar arasında sağlam çəkişmə əmlakın qiymətini 3 dəfəyədək artırıb. Belə ki, ilkin start qiyməti 250 min manata olan həmin obyektə ən son 631 min manat təklif edilib.
Qeyri-yaşayış sahələrinin hərracında müşahidə edilən tendensiya nəqliyyat vasitəsinin özəlləşdirilməsində də özünü göstərib. Belə ki, 2 nəfərin sifariş verdiyi VAZ-2106 markalı avtomobilin ilkin start qiyməti 1200 manatdan 1300 manatadək yüksəlib. Bu nəqliyyat vasitəsinin hərracına qoşulan şəxslərdən biri onlayn olaraq qatılıb. Budəfəki hərracda özəlləşdirilən 10 dövlət əmlakından 3-ü kiçik dövlət müəssisəsi və obyekti, 3-ü qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 3-ü isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakı, Şirvan və İmişlidə yerləşir. Bakının Kürdəxanı qəsəbəsində yerləşən 7 saylı iaşə obyekti xidmət sahəsində investorlar üçün yaxşı gəlir gətirə bilər. Bu obyektin ümumi faydalı sahəsi 214 kvadratmetr, torpaq sahəsi isə 250 kvadratmetrdən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bundan başqa İmişli rayonunda yerləşən qeyri-yaşayış binası da sahibi üçün əlverişli əmlakdır.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri Bakının Nərimanov və Nəsimi rayonlarında, digəri isə Gəncə şəhərində yerləşir. Özəlləşdirilən nəqliyyat vasitələrinin də markaları müxtəlifidir. Avtomobillərin buraxılış tarixləri isə 1989-2005-ci illəri əhatə edir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan "emdk.gov.az" və "privatization.az" portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.