10 Kiçik və Orta Biznesin Dostu mərkəzi yaradılacaq İqtisadiyyat

10 Kiçik və Orta Biznesin Dostu mərkəzi yaradılacaq

Əlamətdar hadisədir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional Kiçik və Orta Biznesin (KOB) Dostu xidməti məhz Masallıda açılıb. Bunu Masallı Sənaye Məhəlləsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk regional KOB Dostu xidmətinin təqdimatı zamanı Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. O.Məmmədov qeyd edib: "Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Masallıya səfəri zamanı Sənaye Məhəlləsinin inzibati binasında yaradılmış ilk "KOB Dostu" mərkəzi ilə tanış olub. Bu, çox əlamətdar bir hadisədir".
O bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara dəstək üçün yaradılıb, agentlik nəzdində "KOB Dostu" mərkəzləri fəaliyyət göstərəcək: "Təxminən 10 "KOB Dostu" yaradılacaq. Masallı rayonu Lənkəran iqtisadi zonasında təmsil olunur və Lənkəran iqtisadi zonası da çox böyük potensiala malikdir, əhalinin sıx yerləşdiyi ərazidir".
O.Məmmədov deyib ki, "KOB Dostu" sahibkarlara əsasən 5 sahədə dəstək göstərəcək: "Əsas istiqamət dövlət dəstəyindən ibarət olacaq, yəni sahibkar müvafiq dövlət qurumu ilə sıx əlaqədə ola biləcək. "KOB Dostu" sahibkarla dövlət qurumu arasında bir körpü rolunu oynayacaq. Daha sonra sahibkarların hüquqlarının müdafiəsinə diqqət ayrılacaq. Bununla sahibkarların hüquqları qorunacaq, onlara hüquqları tanıdılacaq. Digər istiqamət maliyyə bazarlarına çıxış üçün müvafiq dəstəkdir. Sahibkarlara bu barədə məlumatlar veriləcək". Agentlik rəhbərinin sözlərinə görə, vacib fəaliyyət sahələrindən biri də sorğu və monitorinq xidməti olacaq: "Bu çox vacib bir haldır ki, "KOB Dostu" sahibkarların problemlərini yerində öyrənə biləcək və onları mərkəzə ötürəcək".