Qəzvin-Rəşt-Astara - Astara dəmir yolu istifadəyə verildikdən sonra yükdaşımalar artacaq İqtisadiyyat

Qəzvin-Rəşt-Astara - Astara dəmir yolu istifadəyə verildikdən sonra yükdaşımalar artacaq

ABŞ-ın iqtisadi sanksiyalarına baxmayaraq, İran yeni dəmir yollarının inşasını davam etdirəcək. Bu sözləri İran Dəmir Yolları İdarəsinin rəis müavini Hüseyn Aşuri deyib. O bildirib ki, Rusiya ilə İranın dəmir yolları sistemi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu vasitəsilə birləşəcək. Bu yol ilə İran Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac olunan malları daşıyacaq. Fars körfəzi sahilindəki Bəndər-Abass limanına daxil olan mallar Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya və oradan da Avropaya daşınacaq. Bu yolun böyük perspektivi var və Asiya ölkələri yolun tikintisində maraqlıdırlar.
H.Aşuri onu da diqqətə çatdırıb ki, Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi yaxın zamanlarda istismara veriləcək. Rəşt-Astara hissəsində isə tikinti işləri sürətlə davam edir. Onun sözlərinə görə, son 6 ayda dəmir yolları ilə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi 50 faiz artıb. İranın Astara şəhəri ilə Azərbaycanın Astara şəhərlərinin arasında çəkilən dəmir yolu səmərəsini göstərir. Rusiya məhz bu yoldan istifadə edərək yüklərini Azərbaycan vasitəsilə İrana göndərir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu tam hazır olaraq istifadəyə veriləndən sonra isə yükdaşımalarının həcminin daha da artacağı gözlənilir.