Özbəkistanla transsərhəd elektron sənəd dövriyyəsi üzrə pilot layihə həyata keçirilə bilər İqtisadiyyat

Özbəkistanla transsərhəd elektron sənəd dövriyyəsi üzrə pilot layihə həyata keçirilə bilər

Azərbaycan və Özbəkistanın vergi orqanları arasında transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə pilot layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

“APA-Economics” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, DVX-nin Aparat rəhbəri Cavanşir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və rəqəmsal vergi inzibatçılığı ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə Özbəkistan Respublikasına səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Respublikasının Vergi Komitəsində olub, iki ölkənin vergi orqanları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan və Özbəkistanın vergi orqanları arasında transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə pilot layihəsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Layihənin əsas məqsədi elektron rəqəmsal imzaların avtomatik yoxlanılması mexanizminin yaradılması, bununla da iki ölkə arasında qarşılıqlı ticarət zamanı müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi və sürətləndirilməsidir.

Özbəkistan tərəfi Azərbaycan nümayəndə heyətini ölkənin vergi inzibatçılığı sistemində tətbiq olunan rəqəmsal həllərlə tanış edib.

Bununla yanaşı, vergitutma metodologiyasının ayrı-ayrı istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də qabaqcıl beynəlxalq təcrübə və standartların tətbiqi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində müzakirə edilən mövzular üzrə əməkdaşlığın davam etdirilməsi məqsədilə müvafiq Protokol imzalanıb.