
“Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə görüşü ölkəmizin Cənub-Şərqi Asiya ilə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli diplomatik hadisədir. Səfər iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, humanitar və institusional əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Elnarə Akimova deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydaya əsaslanan münasibətlərin qurulması mühüm yer tutur: “Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi mövqeyimiz, nəqliyyat-logistika imkanlarımız və beynəlxalq əməkdaşlıq təcrübəmiz Kamboca ilə əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Bu tərəfdaşlıq həm yeni bazarlara çıxış, həm də ticarət və investisiya əlaqələrinin genişləndirilməsi baxımından perspektivlidir. Səfər çərçivəsində Azərbaycan və Kamboca arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi, gəlirlərə görə vergilərin ikiqat tutulmasının aradan qaldırılmasına dair saziş, həmçinin ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq memorandumu mübadilə olunub. Bu sənədlər iqtisadi münasibətlərin hüquqi əsaslarını möhkəmləndirmək, biznes əlaqələrini stimullaşdırmaq və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımdır”.
E.Akimovanın sözlərinə görə, Prezident İlham Əliyevin ticarət dövriyyəsinin hazırda məhdud olduğunu qeyd etməsi və bu istiqamətdə birgə işçi qrupunun yaradıldığını bildirməsi münasibətlərin gələcək inkişafı üçün konkret hədəfləri müəyyənləşdirir: “Əsas vəzifə siyasi dialoqu real iqtisadi nəticələrə çevirmək, sahibkarlar arasında əlaqələri gücləndirmək, qarşılıqlı investisiyaları və birgə layihələri təşviq etməkdir. Tərəfdaşlığın dayanıqlılığı məhz belə praktik nəticələrlə ölçüləcək. Təhsil və humanitar əlaqələr də bu münasibətlərin mühüm istiqamətidir. Prezident İlham Əliyev vaxtilə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq həmin ənənənin bərpasının əhəmiyyətini vurğulayıb. Gənclərin qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi, akademik təcrübə mübadiləsi və elmi əlaqələrin qurulması xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirə bilər. ADA Universiteti ilə Kambocanın diplomatik təhsil müəssisəsi arasında imzalanmış memorandum bu istiqamətdə yeni imkanlar yaradır”.
O diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin siyasi əsaslarını möhkəmləndirir: “BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda dialoqun inkişafı ölkələrə ortaq maraqlar ətrafında əməkdaşlıq etmək imkanı verir. Suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn prinsiplərinin qorunması bu dialoqun mühüm istiqamətlərindəndir.
Görüşdə mina təhlükəsi ilə bağlı məsələlərin müzakirəsi də xüsusi əhəmiyyət daşıyır. Həm Azərbaycan, həm də Kamboca bu problemin ağır nəticələri ilə üzləşib. Təcrübə və bilik mübadiləsi mina təhlükəsinin azaldılmasına, mülki əhalinin qorunmasına və münaqişələrdən zərər çəkmiş ərazilərin bərpasına töhfə verə bilər. Azərbaycan üçün bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və Böyük Qayıdış prosesinin davam etdirilməsi baxımından da əhəmiyyətlidir”.
“Hun Manetin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha sistemli və nəticəyönümlü mərhələyə keçməsi üçün imkan yaradıb. İmzalanmış sənədlərin real layihələrə, iqtisadi təşəbbüslərə, tələbə mübadiləsinə və davamlı humanitar əlaqələrə çevrilməsi qarşıdakı dövrün əsas vəzifəsidir. Bu səfərin əhəmiyyəti də məhz diplomatik təmasların konkret əməkdaşlıq nəticələri ilə möhkəmləndirilməsində, Azərbaycanla Kamboca arasında uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasındadır” - deyə E.Akimova qeyd edib.
Röya İsrafilova