Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb Hadisə

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxılıb

Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin həbsdə olan sabiq şöbə müdiri Hüseyn Seyidov vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

APA xəbər verir ki, məhkəmə müraciəti təmin edib. Hüseyn Seyidov 1 il 7 ay müddətinə çəkilçəmiş cəzadan vaxtından əvvəl azad olunub. Məhkəmə, həmçinin onun 2 il müddətinə səhiyyə sahəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə növündə əlavə cəzadan tamamilə azad edilməsi barədə də qərar qəbul edib.

O, cəza çəkdiyi müəssisədən azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq şöbə müdiri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü dəyişdirərək cəzanı azaldıb.

Hüseyn Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülsə də, sonradan iki maddə üzrə cinayət təqibinə xitam verilib. Onun təqsiri yalnız Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə sübuta yetirilib.