17:48
490
Azərbaycanda daşınmaz əmlakın kirayə gəlirləri hesabına öz dəyərini ödəmə müddəti artaraq 23 ilə çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilir.
Hesabata əsasən, 2026-cı ilin iyun ayının sonuna ölkə üzrə təklif edilən median aylıq mənzil kirayəsi 917 manat təşkil edib.
Bu göstərici əsasında hesablanan daşınmaz əmlakın kapitalizasiya müddəti 23 il olub. Ötən ilin sonu ilə müqayisədə həmin müddət 2,1 il artıb.
Mərkəzi Bank kapitalizasiya müddətinin uzanmasını mənzil qiymətlərinin yüksəlməsi fonunda kirayə qiymətlərinin nisbətən azalması ilə izah edib.
Hesabatda qeyd olunub ki, 2026-cı ilin birinci yarısında mənzil bazarında qiymətlər illik müqayisədə 8,4% artıb. İlkin mənzil bazarında bahalaşma 12,7%, təkrar bazarda isə 8,3% təşkil edib.
Beləliklə, mənzil qiymətlərinin kirayə gəlirlərinə nisbətən daha sürətlə artması daşınmaz əmlakın kirayəyə verilməsindən əldə edilən gəlirlilik göstəricisinə təsir edib.