Sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlıq İqtisadiyyat

Sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlıq

Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Sahibkar – peşə təhsili əməkdaşlığı" adlı milli konfrans keçirilib. Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Almaniya İqtisadi İnkişaf Fondu (SEQUA GmbH) tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycan Respublikasında gənclər arasında məşğulluğun artırılması üçün sahibkarlarla peşə təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirmək və əmək bazarının ehtiyaclarına uyğun kadrların hazırlanmasına dəstək olmaqdır.
Tədbirdə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev son illər ölkə iqtisadiyyatına yatırılan sərmayələr haqqında danışıb. Bildirib ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir, ümumi daxili məhsulun 70 faizi məhz Azərbaycanda istehsal olunur. O qeyd edib ki, son illər ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, onun da çoxu xarici sərmayələrdir.
ASK-nın prezidenti peşə təhsilinin Azərbaycan sahibkarları üçün önəmini də xüsusi vurğulayıb. Bildirilib ki, ASK Təhsil Nazirliyi ilə birlikdə bir çox ali təhsil institutları ilə əməkdaşlıq müqavilələri bağlayıb və bunun da çox uğurlu nəticələri olub. Almaniyanın Azərbaycandakı səfirinin müavini xanım Andrea Sühl isə bildirib ki, təmsil etdiyi ölkə Azərbaycanda peşə təhsilinin inkişafında maraqlıdır. O, həmçinin Almaniya sahibkarlarını bu sahəyə maraq göstərməyə çağırıb. Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov isə son 15 ildə Azərbaycanın peşə təhsili sahəsində bir çox uğurların əldə olunduğunu qeyd edib.
"Peşə təhsili Azərbaycanda ixtisaslı kadrların hazırlanmasında və ÜDM-in səviyyəsinin artırılmasında xüsusi əhəmiyyətə malikdir. Son illər peşə təhsili sahəsində aparılan siyasət nəticəsində Bakı, Gəncə və Qəbələdə 34 peşə təhsili müəssisəsinin bazasında 14 peşə təhsili müəssisəsi yaradılıb",- deyə F.Qurbanov bildirib. Sonda "Azərbaycanda layihə nəticələri və hədəf qruplarının faydaları", "Monitorinq sisteminin təqdim edilməsi", "Məktəb və müəssisə təlim ocağı kimi" layihələrinin təqdimatı dinlənilib.