“BP Azerbaijan” İİTKM-lə yeni layihəyə başlayır İqtisadiyyat

“BP Azerbaijan” İİTKM-lə yeni layihəyə başlayır

"BP Azerbaijan" şirkəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi üçün yeni layihəyə başlayır. Şirkətdən bildirilib ki, "İİTKM-in elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi" layihəsinin məqsədi qabaqcıl proqram təminatının hazırlanması vasitəsilə mərkəzin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsinə dəstək olmaqdır. Yeni proqram təminatı Azərbaycanda sosial və iqtisadi inkişaf üçün Strateji Yol xəritələri çərçivəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi üçün istifadə ediləcək. Bu proqram təminatı İİTKM-in 47 dövlət orqanından, o cümlədən nazirliklərdən, agentliklərdən və komitələrdən müntəzəm olaraq aldığı iqtisadi məlumatları effektiv şəkildə emal etməsinə yardım edəcək.
Bu layihə oktyabrın 15-də "BP Azerbaijan" və İİTKM arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra başlayıb. Memorandum "BP Azerbaijan" və İİTKM-in Azərbaycanda müxtəlif sahələrdə davamlı inkişafa dəstək olmaq öhdəliklərinə uyğun olan layihələri nəzərdən keçirmək və yerinə yetirmək üçün tərəflər arasında əsas prinsipləri müəyyənləşdirir. Layihənin ümumi dəyəri 204 min manat təşkil edir və müddəti 6 aydır.