Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilib İqtisadiyyat

Sahibkarlar Konfederasiyasının V Qurultayı keçirilib

Dekabrın 19-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayı keçirilib. ASK prezidenti Məmməd Musayev qurultayı açıq elan edib və Qurultay Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayıb. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Nazir qeyd edib ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətindədir və ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinın yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin payı artaraq ÜDM-də 84 faizə yaxın, məşğulluqda isə 76 faiz təşkil edir.
Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumun sosial və iqtisadi məsələlər üzrə üçtərəfli Komissiya çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Bildirilib ki, şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şərait yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətlərindəndir. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, insan kapitalının inkişafında, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev təmsil etdiyi qurum ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib, sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində rolunu vurğulayıb.
Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri, bu istiqamətdə aidiyyəti qurumlarla həyata keçirilən əməkdaşlıq tədbirləri barədə məlumat verib.
Qurultayda, həmçinin Türkiyə-Azərbaycan Biznes Şurasının (DEİK) sədri Selçuk Akat, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin (MKPP) vitse-prezidenti Vyaçeslav Pşeniçnikov çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar.
Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin hesabat çıxışı dinlənilib. Qeyd edilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların icrasında fəal iştirak edir. Hazırda konfederasiyanın tərkibinə 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-ə qədər iqtisadi və sosialyönümlü assosiasiya, holdinq, birlik, ittifaq və qeyri-hökumət təşkilatı, iri şirkətlər, banklar, sığorta təşkilatları və qrupları daxildir. Məmməd Musayev konfederasiyanın əvvəlki qurultaydan ötən müddətdə gördüyü işlər barədə qurultay iştirakçılarına məlumat verib.
Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.