Neft Fonduna 450 milyon dollar bonus ödənilib İqtisadiyyat

Neft Fonduna 450 milyon dollar bonus ödənilib

Yanvarda "Azəri-Çıraq-Günəşli" üzrə yeni saziş çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 450 milyon dollarlıq ikinci bonus ödənişi həyata keçirilib. Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.
"ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edilib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub. Ötən il ərzində ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı gəlirləri təxminən 9,8 milyard dollar təşkil edib. Bundan başqa "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2017-ci il 14 sentyabr tarixli Sazişə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin ilk hissəsinə aid 450 milyon dollar vəsait 2018-ci ildə ARDNF-ə daxil olub. Bonusun ikinci hissəsi - 450 milyon dollar cari ilin yanvarında ödənilib", - deyə fondun icraçı direktoru bildirib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə investisiya yatıracaq. İcraçı direktor qeyd edib ki, Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyinin əsas komponentləri üzrə əldə olunmuş rəqəmlərə əsasən 2018-ci ildə də son illərdə adıçəkilən portfel üzrə müşahidə edilən müsbət gəlirlilik trendi davam edərək ötən il üzrə bu göstərici 9,9 faiz olub".
"Daşınmaz əmlak bazarının ümumi vəziyyəti və bazarda cərəyan edən trendlər nəzərə alınaraq hər ilin sonunda ARDNF-in daşınmaz əmlaka investisiyaları ilə bağlı strategiyası yenilənərək təsdiqlənir. 2019-cu il üzrə olan müvafiq strategiyaya əsasən Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyalar nəzərdə tutulur", - deyə Ş.Mövsümov əlavə edib.