Elektron xidmətlər genişlənir İqtisadiyyat

Elektron xidmətlər genişlənir

Samuxda İqtisadiyyat və Sənaye Nazirliyi tədbir keçirib

Tərlan

"İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti tədbir Samux rayonunda keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Samux və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri və Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib. Hazirliyin məlumatına görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilib. Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.
Nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.
Tədbirdə Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi, İcazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərdən on-line rejimdə istifadə proseduru nümayiş etdirilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hərraclarda da elektron xidmətlərin tətbiqi genişləndirilir. Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Bu il komitə yeni elektron xidmətlər istifadəyə verib. Komitədən verilən məlumata görə, elektron xidmətlər sahəsində komitənin həyata keçirdiyi növbəti tədbir dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlərin qəbulunun elektron müstəviyə keçirilməsidir. Məqsəd özəlləşdirmə prosesində müasir yanaşmaları, modern xidmətləri önə çəkmək və getdikcə tətbiqini genişləndirməkdir. Qeyd olunan müasir yanaşmaların və modern xidmətlərin mahiyyəti dövlət əmlakının özəlləşdirilməsi prosesini tədricən elektronlaşdırmaq, vətəndaş-məmur ünsiyyətini maksimum azaltmaq, bununla vaxta qənaət etməkdən ibarətdir(APA).
Bu istiqamətdə komitə bir sıra nailiyyətlər əldə edib. Belə ki, komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət məhz dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Portalda orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, başa çatdırılmamış tikililər kimi özəlləşdirilən tikililərin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur. Həmçinin yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmət də istifadəyə verilib. Bundan əlavə, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirakla bağlı sifarişlər də elektron qəbul edilir. Belə ki, portalda dövlət müəssisə və təşkilatlarının balansında olan istismar müddəti bitmiş nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid sənədlərin elektron qəbulu kimi yeni xidmət də vətəndaşların istifadəsindədir.
2012-ci ildən etibarən müsadirə edilmiş və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı ilə bağlı hərraclarda iştirak üçün internet vasitəsilə elektron formada sifarişlərin qəbulu və qeydə alınması həyata keçirilir. Ümumilikdə, bu xidmət vasitəsilə indiyədək 200-dən çox əmlak üzrə verilmiş 44 elektron sifarişlə həmin əmlaklar hərraclarda özəlləşdirilib. Portalda təqdim olunan dövlət müəssisə və təşkilatlarının balansında olan istismar müddəti bitmiş nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid sənədlərin elektron qəbulu vasitəsilə 52 elektron sifariş qəbul edilib, 43 əmlak özəlləşdirilib.
Bundan başqa, Orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərraclarında satışına dair sifarişlərin qəbulu ilə bağlı 7 elektron sifariş verilib, 5 səhmdar cəmiyyətinin səhmləri özgəninkiləşdirilib. Başa çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin hərracda satışına dair sifarişlərin qəbulu üzrə isə 9 elektron sifariş verilib, 8 əmlak satılıb. Kiçik dövlət müəssisələrinin (obyektlərin) hərracda satışına dair sifarişlərin qəbulu üzrə 23 elektron sifariş qəbul edilib və 23 əmlak özəlləşdirilib. Qeyd edək ki, komitənin elektron xidmətlər portalında 20 interaktiv, 2 informativ olmaqla 22 e-xidmət istifadəçilərə təqdim olunur.