Bolqarıstanla pensiya təminatı haqqında saziş imzalanıb İqtisadiyyat

Bolqarıstanla pensiya təminatı haqqında saziş imzalanıb

Bolqarıstanın Əmək və Sosial Siyasət naziri Biser Petkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Bolqarıstan nümayəndə heyəti ilə görüş olub. Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov da iştirak edib. Görüşdən əvvəl Bolqarıstan nümayəndə heyəti DOST Agentliyinin və onun 1 saylı DOST Mərkəzinin fəaliyyəti, Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış olublar.
Nümayəndə heyəti ilə görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb. Nazir hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlərinin əlaqələrin inkişaf etdirilməsində mühüm rolunu qeyd edib. İki ölkə arasında həm siyasi, həm iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bolqarıstanla əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıqdan bəhs edən nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu deyib. Hazırkı görüşdə imzalanması nəzərdə tutulan Sazişin bu istiqamətdə önəmli addım olduğunu və iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
B.Petkov Azərbaycana səfərindən və ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. O, əmək, məşğulluq, əmək miqrasiyası, demoqrafiya, pensiya, əlilliyi olan şəxslər, uşaq və ailə, bərabər imkanlar, sosial inteqrasiya, sosial yardım və sosial xidmət sahələrində ölkəsində aparılan islahatlar barədə məlumat verib. B.Petkov qarşılıqlı maraq doğruan sahələrdə əməkdaşlıq müstəvisinin genişləndirilməsinə, həmçinin fəal təcrübə mübadilələrinə hazır olduqlarını qeyd edib.
Görüşdə əmək miqrasiyasının tənzimlənməsi sahəsində Saziş layihəsinin hazırlanması prosesindən də bəhs olunub, əməkdaşlığın gələcək istiqamətlərinə dair müzakirələr aparılıb. Daha sonra S.Babayev və B.Petkov “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında Saziş”i imzalayıblar. Saziş Azərbaycan və Bolqarıstan arasında pensiya təminatı sahəsində əlaqələrin tənzimlənməsi, iki ölkə vətəndaşlarının pensiya və sosial sığorta hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılması məqsədinə xidmət edir. Sənəd Azərbaycan və Bolqarıstan vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir. Saziş qeyd olunan istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata keçirilməsinə şərait yaradır. Nümayəndə heyəti üçün DOST layihəsinə, nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar da edilib.