Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək İqtisadiyyat

Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək

Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
“Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilib. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir”, - deyə ölkə başçısı qeyd edib.