Gəncədə sahibkarlara güzəştli kredit veriləcək İqtisadiyyat

Gəncədə sahibkarlara güzəştli kredit veriləcək

Müasir istixana kompleksi yaradıla bilər

Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il avqustun 29-da Gəncə şəhərində "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncə şəhəri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;
- müasir logistik mərkəzin yaradılması;
- müasir istixana kompleksinin yaradılması;
- kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
SKMF-nin kreditlərindən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması yeni iş yerlərinin yaradılmasına imkan yaradır. Müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, yeni iş yerinin açılması imkanı yaradılıb.
Qeyd edək ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 min manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir. Əslində iqtisadiyyatın daha böyük həcmdə əlverişli və uzunmüddətli kreditlərə ehtiyacı var. Bununla yanaşı, sahibkarın öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır. Sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xaricə satmaq imkanları var.
"Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilib, nazirlik tərəfindən göstərilən xidmətlər elektronlaşdırılıb. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır.