“Büdcə layihəsində təəccüb doğuran məqamlar çoxdur” İqtisadiyyat

“Büdcə layihəsində təəccüb doğuran məqamlar çoxdur”

Pərviz Heydərov: "Əvvəla, növbəti ilin büdcəsini bu ilkindən az qala 6 faizə qədər çox olacağı gözlənilmirdi"
Rövşən Ağayev: "Gəlirlərə adekvat olaraq xərclərin də artımı nəzərdə tutulub"

Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfi Milli Məclisə daxil olub. Parlamentdən verilən məlumata görə, büdcə zərfi yaxın 10 günə deputatlara paylanacaq və ondan sonra komitələrin iclası təyin olunaraq müzakirəyə çıxarılacaq. Büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunu daxildir.
Maliyyə Nazirliyinin gələn il üçün dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib ki, Azərbaycan hökuməti 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz - 59 milyon manatadək artırmağı planlaşdırır. Həmin məqsədlər üçün 2014-cü il dövlət büdcəsindən 40 milyon manat ayrılmışdı. Gələn il üçün nəzərdə tutulmuş sosial ipotekanın maliyyələşdirilməsi də nəzərə alınarsa İpoteka Fondunda yığılan vəsaitlərin həcmi 266 milyon manata çatacaq.
İpoteka Fondu büdcə maliyyələşdirilməsi ilə yanaşı istiqrazlar yerləşdirir və onların satışından əldə olunan vəsaitlər adi ipoteka çərçivəsində kreditlərin verilməsinə yönəldilir. Hazırda İpoteka Fondunun xətti ilə ümumi dəyəri 612,37 milyon manat olan 15 393 ipoteka krediti verilib.
Gələn il həmçinin büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz artacaq.
Maliyyə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.
Ümumilikdə, gələn il müdafiə xərcləri üçün 1 milyard 778,5 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 8,6 faiz çox deməkdir. Qeyd edək ki, bu il müdafiə xərcləri üçün 1 milyard 637,4 milyon manat ayrılıb...
Ümumiyyətlə hansı sahələrə daha çox diqqət yetirilməlidir? Ekspertlər bu barədə nə düşünürlər?
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində təəccüb doğuran məqamlar çoxdur: "Əvvəla, növbəti ilin büdcəsini bu ilkindən az qala 6 faizə qədər çox olacağı gözlənilmirdi. Belə ki, dövlət başçısının tələbinə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin neftdən asılılığını getdikcə azaldılmalı olduğu əsas götürülərdisə, 2015-in də büdcəsi nisbətən az olmalı idi.. Heç olmasa, cari ildəki həcmdə saxlanılmalıydı. Ancaq xərclərin cəmi 5,2 faiz artırılmasına rəğmən, büdcə gəlirləri qeyd etdiyimiz kimi az qala 6 faiz (5,7 faiz) yüksək götürülüb. Əgər, bu bilavasitə neftdən kənar sahələrin hesabına nəzərdə tutulsaydı bu sevindirici hal kimi qəbul olunardı... Ancaq iş ondadır ki, sözügedən artım məhz Neft Fondundan köçürmənin genişləndirilməsi müstəvisində planlaşdırılıb.".
Onun sözlərinə görə, 2014-cü ilin dövlət büdcəsində ən mühüm cəhət Dövlət Neft Fondundan (ARDNF) transfertin 17,7 faiz az təşkil etməsi sayılırdı: "Söhbət, heç də 2013,0 milyon manata qənaətdən getmirdi. Ölkənin dövlət büdcəsinin 60 faizə yaxın hissəsi ARDNF-dan asılı vəziyyətdədir ki, bunun azaldılması vacib sayılırdı... Ancaq gələn il bu, yenidən artıq olacaq. Dövlət büdcəmizdə neftin qiymətinin bu ilin özündə 100 dollar götürülməsi müəyyən problemlər yarada bilərdi. O baxımdan ki, 2014-cü ilə dair büdcəmiz əvvəlki illərin büdcələrindən fərqli olaraq qeyd etdiyimiz kimi heç də möhkəm sütunlar üzərində dayanmayıb. Üstəlik, qiymət 2-3 ay əvvəldən 100 dollardan aşağı düşsəydi vəziyyət lap, qəlizləşəcəkdi. Çünki bu ilin büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar risk sayılırdı. Və bu baxımdan, büdcədə neftin qiymətini 2015-ci ildə hər halda daha aşağı salmaq tələb olunurdu".
İqtisadçı ekspert Rövşən Ağayev isə özünün Fasebook səhifəsində yazıb ki, hökumətin açıqladığı 2015-ci ilin büdcə məlumatlarını ətraflı təhlil etmək üçün bir az vaxt lazımdır: "Çünki, bu büdcənin riskli olduğu dərhal diqqəti çəkir". Həmin məlumatlardakı bəzi məqamları açıqlayan ekspert qeyd edib ki, hökumət büdcə hesablamaları üçün neftin qiymətini 90 dollar götürüb: "Halbuki BVF-nun qlobal iqtisadiyyatın 2014-2016-cı ilin perspektivləri ilə bağlı verdiyi, o cümlədən Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozları, İrana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək özünün ixracatçı ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sövdələşmənin əldə edilməsinə dair məlumatların dolaşması fonunda neftin qiymətinin 70-80 dollar intervalında qərarlaşacağı ilə bağlı rəylər üstünlük təşkil edir. İkincisi, neft gəlirlərinin azalma riskinin böyük olduğu bir vaxtda bu ilə nisbətən 2015-ci il büdcə gəlirləri 1,054 milyard manat (5.7%) artımla proqnozlaşdırılır. Öz növbəsində Neft Fondunun transfertlərinin 1.051 milyard artımı nəzərdə tutulur. Transfertlərin ümumi həcmi 10.388 milyard manat proqnozlaşdırılır".
Onun sözlərinə görə, sonuncu məqamda, hökumət bu ilə nisbətən 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaları təxminən 500 milyon manat artaçağını proqnozlaşdırır və bu da kifayət qədər probemli görünür: "Gəlirlərə adekvat olaraq xərclərin də artımı nəzərdə tutulub - 1.037 milyard manat və ya 5.2%. Artımların 90%-ə qədəri tikinti (təxminən 670 milyon manat artır), müdafiə (141 milyon manat artır), səhiyyə (52 milyon manat artır) ilə bağlıdır. Yerdə qalan xərc istiqamatləri üzrə artım ümumilikdə 174 milyon manat təşkil edəcək".

Əli