"OPEC+" ölkələri neft hasilatının azaldılması üzrə kvotanı 108% təmin edib İqtisadiyyat

"OPEC+" ölkələri neft hasilatının azaldılması üzrə kvotanı 108% təmin edib

Bu ilin iyun ayında neft hasilatını gündəlik 9,7 mln. barel azaldılması barədə razılaşmaya qatılan "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri kvotanı 108% təmin edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu göstəriciyə Səudiyyə Ərəbistanı tərəfindən əlavə olaraq 1 mln. barel azaldılan neft hasilatını da daxildir.
Qeyd edək ki, may ayında neft hasilatını gündəlik 9,7 mln. barel azaldılması barəsində razılaşmaya qatılan "OPEC+" ölkələri kvotanı 87% təmin ediblər. OPEC-in 10 ölkəsi razılaşmanı 84%, qeyri-OPEC ölkələrini isə 92% yerinə yetiriblər.
Energetika Nazirliyinin öncə verdiyi məlumatına görə, Azərbaycan iyun ayında “OPEC+” çərçivəsində öhdəliyini tam yerinə yetirib.
Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.