“Neftin qiymətinin sürətlə düşməsi Neft Fonduna təsirsiz ötüşməyəcək” İqtisadiyyat

“Neftin qiymətinin sürətlə düşməsi Neft Fonduna  təsirsiz ötüşməyəcək”

Vahid Əhmədov: "Qəbul etdiyimiz sosial və hazırkı layihələr yerinə yetirilməlidir ki, ölkənin sosial həyatında ciddi problemlər yaranmasın"
Vüqar Bayramov: "Neftin qiymətinin azalması büdcənin formalaşmasına təsir göstərə bilər"
Neft qiymətinin düşməsi Səudiyyə Ərəbistanı və ABŞ-ın İran və Rusiyaya qarşı apardığı neft müharibəsinin nəticəsidir. Belə bir iddianı "The New York Times" nəşri irəli sürüb. Qəzin yazdığına görə, Qərb ərəb müttəfiqləri ilə birgə aşağı qiymətlərlə rəqiblərini iflasa uğratmaq istəyir. Nəşrin bildirdiyinə görə, anoloji vəziyyət Sovet İttifaqı dağılarkən 1990-cu illərdə də qeydə alınıb.
Lakin, Rusiyanın müxalifyönlü siyasətçisi Boris Nemsov "qara qızıla" qiymətlərin düşməsində əsas addım kimi ABŞ-nin ehtiyatlardan istifadə edərək şist neftinin emalını birdən çoxaltmasını görür. Şist neftinin barreli 35-65 dollar ətrafında olduğundan Nemsov dünya bazarında qiymətin 70 dollardan aşağı düşməyəcəyini proqnoz edib.
Bəs neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov deyib ki, 2015-ci ilin büdcə layihəsində neftin bir barrelinin 90 dollardan nəzərdə tutulması bir qədər risklidir. Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin sürətlə düşməsi Azərbaycanın Neft Fonduna təsirsiz ötüşməyəcək: "2014-cü ilin dövlət büdcəsi hələ 2013-cü ildə müzakirə olunanda neftin qiymətini 100 dollar olaraq təsdiq etdik. 2014-cü ilin 7-8 ayında neftin qiyməti 110 dollardan aşağı düşmədi. Yalnız indi neftin qiyməti aşağı düşüb. Hazırda hesab edirik ki, bu rəqəm orta hesabla ilin sonunadək 100 dollar səviyyəsində qalacaq. Növbəti il üçün mən təklif edəcəm ki, bu rəqəm 80-85 dollar səviyyəsində götürülsün. Çünki neftin qiymətindən və büdcənin gəlirlərindən ölkənin xərcləri də asılıdır. Ola bilsin ki, bəzi proqnozlara görə neftin qiyməti 60-70 dollara qədər düşsün. Bütün bunlara baxmayaraq, Azərbaycanın dövlət büdcəsinə, gəlirlərinə və Neft Fonduna ziyan vuracaq. Ancaq Azərbaycanın 53 milyard dollarlıq ehtiyatı var. İstənilən vaxt bundan istifadə etmək olar. Qəbul etdiyimiz sosial və hazırkı layihələr yerinə yetirilməlidir ki, dövlət büdcəsində, ölkənin sosial həyatında ciddi problemlər yaranmasın. Dövlət büdcəsinə Neft Fondundan transfer ötən il 9.3 milyard manat təşkil edirdisə, 2015-ci ildə 10.3 milyard manat təşkil edəcək. Yəni əlavə olaraq 1 milyard manat vəsait ayrılıb. Bu isə ona görədir ki, neftdən gələn gəlirlər az olduqda da layihələr həyata keçirilsin. Neftin qiyməti orta hesabla 2015-ci ildə 80-85 dollar olacaq. Bu mənim subyektiv fikrimdir. Amma hökumət belə hesab edir ki, neftin qiymətinin 90 dollar səviyyəsində götürülməsi normaldır. Məsələnin hazırda komitədə müzakirəsi davam etdirilir. Hətta qərara müxtəlif dövlətlərlə qarşılıqlı əlaqə və ümumi müzakirələrdən sonra bir daha baxılacaq. Hələlik bu, təsdiq olunmamış rəqəmdir".
Vahid Əhmədov neftin dünya bazarındakı qiymətinin enməsində Rusiya faktorunu əsas sayır: "Son hadisələr göstərir ki, neftin qiymətindəki bu ani dəyişikliyin səbəbi Rusiyaya tətbiq olunan embarqo, sanksiyalarla əlaqədardır. Rusiyanın dövlət büdcəsi birbaşa neftdən asılı olduğundan Ukrayna hadisələri ilə bağlı olaraq müəyyən sanksiyalar tətbiq olunur ki, ölkəni iqtisadi baxımdan zəiflədərək yaranan siyasi problemləri aradan qaldırmaq mümkün olsun. Proseslər də istər-istəməz dünya neft bazarına təsir edir".
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, neftin qiymətinin azalması büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər: "2014-cü ilin ilk 8 ayında Azərbaycan neftinin dünya bazarındakı qiyməti 110 dolar təşkil edib. Bu isə o deməkdir ki, Azərbaycan neftinin dünya bazarında qiyməti büdcədə nəzərdə tutulandan 10 faiz artıq olub. Bu, birmənalı şəkildə imkan verir ki, növbəti aylarda neftin dünya bazarında qiyməti 80 dollardan aşağı düşməyəcəksə, 2014 cü ilin dövlət büdcəsinə baxılmasın. Əvvəlki dövrdə olan 10 faiz artım növbəti aylarda olan azalmanı kompensasiya edəcək". Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 80 dollar nəzərdə tutulmasını təklif ediblər: "Son müşavirədə ölkə başçısı da büdcədə neftin qiymətinin dünya bazarına uyğun müəyyənləşdirilməsini əhəmiyyətli olduğunu bildirdi. 2015-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsa və dünya bazarında 2015-ci ildə də azalmalar davam edəcəksə dövlət büdcəsinin gəlir hissəsinin formalaşması ilə bağlı müəyyən çətinliklər yaradacaq. Azərbaycanın dövlət büdcəsinin 53.4 faizi Dövlət Neft Fondu hesabına formalaşır. Bu o deməkdir ki, dövlət büdcəsinin gəlirlərinin çoxu məhz birbaşa sığorta olunmuş gəlirlərdir. Neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq 53,4 faiz Neft Fondu hesabına formalaşacaq. Gəlirlərin 35 faizə yaxını qeyri neft sektorunun payına düşür. Bu isə o deməkdir ki, dünya bazarında neftin qiyməti büdcənin 11 faizinin formalaşmasına təsir göstərə bilər". Ekspertin fikrincə, 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin tikinti və infrastruktur xərcləri azaldıla bilər: "Neftin dünya bazarında qiymətində azalmalar gedir. 2015- ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsa, dünya bazarında qiymət azalması baş verərsə, bunu faciə hesab etmirəm. Büdcənin birbaşa neftdən asılı hissəsi təxminən 11 faizdir. Qanunvericiliyə görə büdcə gəlirlərinin formalaşmasında problem olarsa, əmək haqqı, pensiya xərcləri istisna olmaqla, tikinti-infrastruktur xərcləri azaldıla bilər. Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, Maliyyə Nazirliyi büdcə xərclərinin azaldılmasını həyata keçirə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur".

Əli