Pandemiya dövründə Azərbaycanda tikinti sektoru və şəhərsalmanın inkişafı. Rəqəmlər sözlərdən daha yaxşı danışır! İqtisadiyyat

Pandemiya dövründə Azərbaycanda tikinti sektoru və şəhərsalmanın inkişafı. Rəqəmlər sözlərdən daha yaxşı danışır!

Maksimum təcrid, sosial məsafə qaydalarına riayət və bir çox sanitar tədbirlərin görülməsini zəruri edən hazırkı koronavirus pandemiyası fonunda tikinti sektoru iqtisadiyyatın ən mühüm sahələrindən biri olaraq qalmaqdadır. Sevindirici haldır ki, koronavirus ölkədə tikinti sahəsinə mənfi təsir göstərməyib. Əksinə, statistikaya əsasən, həm yeni sənaye obyektləri və xidmət sahəsi obyektlərinin açılışı, həm də mənzil fondunun yenilənməsi hesabına dayanıqlı, sabit inkişaf və artım müşahidə olunur. Bundan başqa, dövlət dəstəyi sayəsində bu sənayeni kifayət qədər nikbin perspektivlər gözləyir. Belə ki, iqtisadiyyatın digər sahələri kimi tikinti sektoru və daşınmaz əmlak bazarının da güclü və davamlı artımı üçün ilkin şərtlər yaradılıb.

Azərbaycanda tikinti sektoru investisiyaların daha çox yatırılması baxımından neft səhəsindən sonra ikinci sırada gəlir. Eyni zamanda, mənzil fondunun genişləndirilməsi (yaşayış binalarının tikintisi) ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Bütün bunlar göstərir ki, ölkəmizdə reallaşdırılan iqtisadi siyasətdə tikinti sektoruna böyük əhəmiyyət verilir və bunun sayəsində sahə inkişaf edərək möhkəmlənir. Azərbaycanın qeyri-neft iqtisadiyyatının lokomotivi rolunu uğurla yerinə yetirən tikinti sektoru çoxsahəli istehsal-təsərrüfat kompleksidir, şəhərsalmanın əsasını təşkil edir və mühüm sosial əhəmiyyətə malikdir. Məsələn, tikinti prosesində təkcə sənaye zonaları və yaşayış sahələri yaradılmır, həm də yollar, ictimai təyinatlı tikililər qismində maddi baza formalaşdırılır, tikinti materialları istehsalı müəssisələri və bir çox təsərrüfat subyektlərinin, memarlıq-layihə və elmi-tədqiqat təşkilatlarının, nəqliyyat sahəsinin inkişafına təkan verilir, yeni iş yerləri açılır. Statistikaya əsasən, 2020-ci ilin mart ayının əvvəlində muzdlu işçilərin sayı 1,641 milyon nəfər təşkil edib və bunun 7,3 faizi (təxminən 120 min nəfər) tikinti sahəsində fəaliyyət göstərib.

Pandemiya dövründə şəhərsalma, memarlıq və tikinti sektorunun inkişafı ötən müddət ərzində görülmüş tədbirlər və göstəricilərlə birbaşa əlaqəlidir ki, bu materialda onları dəqiq faktlar və rəqəmlərə əsaslanaraq təqdim edirik.

Lakin statistikanın təhlilinə keçməzdən əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının uğurlu icrasını qeyd etmək lazımdır.

Məlum olduğu kimi, bu Fərman 2019-cu il yanvarın 1-dək tikilmiş və məskunlaşmış, amma tikinti icraçıları tərəfindən şəhərsalma qanunvericiliyi tələblərinin pozulması və ya tikinti layihələrinin rəsmiləşdirilməsindəki çatışmazlıqlarla əlaqədar vaxtında istismarına icazə verilməyən çoxmənzilli binaları əhatə edirdi. Dövlət başçısı belə binalarda yaşayan sakinlərinin mənafelərini, eləcə də sosialyönümlü dövlət siyasətinin əsasında dayanan humanizm prinsiplərini rəhbər tutaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq strukturları tərəfindən bu yaşayış evlərinin konstruksiyalarının dayanıqlığı və digər təhlükəsizlik tələblərinin yoxlanması şərtilə istismarlarına icazələrin sadələşdirilmiş qaydada verilməsinə dair xüsusi göstəriş verdi.
FHN tərəfindən aparılmış bu müayinələrin nəticələri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Bakıda tikilmiş çoxmənzilli binalar üçün), həmçinin müvafiq yerli icra hakimiyyəti orqanları (digər şəhərlərdə tikilmiş çoxmənzilli binalar üçün) tərəfindən ötən müddət ərzində ümumi sahəsi 8.466.990 kv. metr olan 408 çoxmənzilli binanın istismarına icazə verildi.

Xüsusi vurğulamaq lazımdır ki, bütün bu yaşayış binalarının 2019-cu ilin əvvəlinədək (10 il və bəzi hallarda hətta daha uzun müddət öncə) tikilməsi və məskunlaşmasına baxmayaraq, sakinlər mənzillərə mülkiyyət hüququnu yalnız 2019-cu və 2020-ci ilin əvvəlində Prezident İlham Əliyevin qeyd olunan Fərmanı əsasında görülmüş işlərin nəticəsində rəsmiləşdirə bildi. Ümumilikdə, 84.579 mənzilin sakinləri öz mülkiyyət hüquqlarını rəsmiləşdirmək imkanı qazandı.

İndi isə hər bir şəhərin və bütövlükdə ölkənin səmərəli inkişafı üçün iqtisadi siyasətin vacib elementi olan tikinti sahəsində investisiya mühitinin əyani göstəricilərinə nəzər yetirək. Mənzil tikintisi sahəsində investisiya yatırımı prosesinin mərhələvi xüsusiyyətləri özündə dövlət və özəl sektor, yerli və xarici şirkətlər tərəfindən resurs axınını əks etdirir.

2019-cu ildə 18.539.476,5 min manat kapitalın əsas həcmindən 9.738.696 min manat, digər sözlə, investisiyaların yarısından çoxu qeyri-dövlət strukturlarının payına düşüb ki, bu da ölkədə biznes mühitinin inkişafının vacib amilidir. Eyni zamanda, dövlət investisiyalarının həcmi 8.800.780,0 min manat təşkil edib. Həmçinin, xarici investisiyalardan asılılığın azalması faktını da qeyd etmək lazımdır. Ötən il tikinti sahəsinə yatırılan 5.672.408,6 min manat xarici investisiya ilə müqayisədə daxili resurslar hesabına 12.867.067,9 min manat investisiya qoyulub. Nəticədə, bu rəqəmlər yerli sahibkarların yüksələn işgüzar fəaliyyətini, qeyri-dövlət investisiyalarının artmasını və xarici investisiyaların azalması ilə bağlı real vəziyyəti göstərir.
Bundan başqa, digər maraqlı faktlara da diqqət yetirək. Məlum olduğu kimi, tikinti işin yarısı, istismara vermək isə digər yarısıdır. Belə ki, son 10 il ərzində bu sahədə təkcə sabitlik deyil, həm də artım müşahidə olunur. Rəqəmlər həmişə sözlərdən daha yaxşı danışır! Statistikaya əsasən, 2009-cu ildə istismara verilmiş yaşayış binalarının ümumi sahəsi 1.501.000 kv. metr idisə, 2011-ci ildə bu rəqəm yüksələrək 2.033.000 kv. metr, 2014-cü ildə 2.197.000 kv. metr təşkil etmiş, 2018-ci ildə isə 2.250.000 kv. metrə çatmışdır. 2019-cu ildə və 2020-ci ilin birinci yarısında istismara verilmiş mənzillərin statistikasına gəlincə, rəqəmlər əvvəlki illərin analoji göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. Buna səbəb illər öncə tikilmiş, lakin istismarına məhz yuxarıda qeyd olunan 529 nömrəli Fərmana əsasən icazə verilmiş yaşayış evlərinin sayı ilə bağlı göstəricilərin 2019-cu il və 2020-ci ilin əvvəlində statistikaya daxil edilməsidir.
Belə ki, 2019-cu ildə bütün Respublika üzrə 9.469.000 kv. metr mənzil istismara verilib. Bunun 7.238.216 kv. metri əvvəlki illərdə inşa edilmiş və Azərbaycan Respublikası Prezidentinin çoxmənzilli binaların istismarına icazələrin verilməsinin sadələşdirilməsi haqqında Fərmanına əsasən istifadəyə verilmiş mənzillərin payına düşür. Nəticədə 2019-cu ildə istismara verilmiş yeni mənzillərin sahəsi 2.230.784 kv. metr təşkil edib. Bundan başqa, 2020-ci ilin ilk 6 ayı ərzində bu göstərici 2.586.000 kv. metrə bərabər olub ki, bunun da 1.228.778 kv. metri 529 nömrəli Fərmana əsasən istismara verilmiş mənzillərin payına düşür. Beləliklə, 2020-ci ilin ilk yarısında istismara verilmiş yeni yaşayış binalarının həcmi 1.357.222 kv. metr təşkil edib. Bu faktlar, asan olmayan pandemiya dövründə də yaşayış sahələrinin istismara verilməsi prosesinin durmadığını və davamlı artmasını açıq şəkildə göstərir. Xüsusən də, pandemiya amilinə və onun dünya iqtisadiyyatına təsirinə baxmayaraq, Azərbaycanda təkcə bu ilin ilk yarısında istismara verilmiş mənzillərin sahəsi 2019-cu ilin 12 aylıq ümumi göstəricisinin 60 faizini təşkil edir.

Xülasə, materialda təqdim etdiyimiz rəqəmlərdən də göründüyü kimi qlobal pandemiya ilə əlaqədar yaranmış iqtisadi problemlər fonunda tikinti sektoru, nəinki ziyan görməyib, əksinə, inkişaf etməkdədir. Təbii ki, tikinti sektorunun vacibliyini nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə bu sahənin fəaliyyətini məhdudlaşdırmayan müvafiq qərarını da məxsusi qeyd etməliyik.

Beləliklə, dövlət tikinti sahəsini stimullaşdırmaqla, faktiki olaraq onu qeyri-neft sektorunun ön sıralarına çıxarır və iqtisadiyyata müsbət təsir göstərməklə nəinki digər sahələri inkişaf etdirir, həm də yüz minlərlə həmvətənlərimizin həyatını yaxşılaşdırır.

Maraqlıdır ki, pandemiyanın yaratdığı tikililər də var. Bu modul tipli xəstəxanalardır. Əgər baş verənlərə urbanistik baxımdan uzunmüddətli perspektivdə nəzər salsaq, koronavirusla mübarizə başa çatandan sonra bizə onlarla yeni xəstəxana qalacaq ki, bunları da optimallaşdırmaq, profillərini dəyişmək və ya şəhərsalma baxımından gündəlik həyata tətbiq etmək mümkün olacaq.

Yekun olaraq, post-pandemiya dövründə Azərbaycanda tikinti sektoru və şəhərsalmanın aktuallığı xüsusi əhəmiyyət kəsb edir. Bu gün tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırıması üçün atılan addımlar iqtisadiyyatın inkişafı və ölkənin çiçəklənməsinə xidmət edəcək.