Milli Məclisdə büdcə müzakirəsi başladı İqtisadiyyat

Milli Məclisdə büdcə müzakirəsi başladı

Ziyad Səmədzadə: "Neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər"

Elman Rüstəmov: "Yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb və hesab edirik ki, ipotekanın alman modeli Azərbaycanda çox yararlı ola bilər "

Dünən Milli Məclisin növbəti iclası başlayıb. Üç gün ərzində "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında", 2015-ci il üçün ehtiyac meyarının həddi, Milli Məclisin 2015-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası, eləcə də "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
İclas başlayanda spiker Oqtay Əsədov bildirib ki, Azərbaycan son 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur və ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində də öz əksini tapıb".
Spikerin sözlərinə görə, bu ilin 9 ayı ərzində bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə edilib: "Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Önəmli məqamlardan biri də odur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-ni təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır".
O.Əsədov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur: "Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır".
Milli Məclisin bugünkü iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə gələn ilin büdcəsi haqqında danışarkən bildirib ki, bu gün dünyanın müxtəlif dövlətlərində qeyri-sabitlik hökm sürür. Bu, həmin dövlətlərin rəhbərlərinin səriştəsiz siyasəti nəticəsində olub.
Komitə rəhbəri qeyd edib ki, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada və regionda aparıcı, ictimai-siyasi sabitliyə malik ölkəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycan hökumətində və onun strukturlarında güclü kadrlar var. Ziyad Səmədzadə deyib ki, düşünülmüş milli maraqlara cavab verən Azərbaycanın siyasəti qlobal sarsıntılar fonunda ölkənin iqtisadi-siyasi inkişafını dayandırmayıb. O qeyd edib ki, 2015-ci ildə ümumi daxili məhsulun həcmi 1,4 dəfə artacaq və bu artım qeyri-neft sektoru hesabına təmin olunacaq: "Bununla yanaşı, ümumi daxili məhsulun adambaşına düşən həcmi 8 min dollar olacaq ki, bu da MDB məkanında Rusiya və Qazaxıstandan sonra Azərbaycanı üçüncü yerdə qərarlaşdırır".
Ziyad Səmədzadə ekoloji cəhətdən təmiz maşınların ölkəyə gətirilməsindən də söz açıb. O qeyd edib ki, Azərbaycan "Avro-4" standartına keçsə də, problemlər mövcuddur. Komitə sədrinin sözlərinə görə, problemləri aradan qaldırmaq üçün xüsusi proqramlar hazırlanmalıdır: "İli köhnə olan və standartlara cavab verməyən maşınların sayı yüz minlərlədir. Bu məsələ gələcəkdə öz həllini tapacaq. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. Bu həm də Azərbaycan ekologiyasına da müsbət təsir edəcək".
Ziyad Səmədzadə deyib ki, Azərbaycan investisiyaların qoyulması ilə bağlı beynəlxalq məsləhətçilərin sözünə baxsaydı, bu gün ölkə iqtisadiyyatı çox ağır vəziyyətə düşə bilərdi: "Azərbaycan hökuməti haqlı olaraq mövcud imkanlarla səylərini problemlərin həllinə yönəldib".
Komitə sədri onu da bildirib ki, Azərbaycan emal sənayesini 15-20 faizə qədər artıra bilər ki, bu da bir çox sahələrə müsbət təsir edəcək: "Maşınqayırma sənayesi də inkişaf etdirilməlidir. Ölkədə aqrar sahədə də ciddi işlər görülür, dövlət proqramı hazırlanır. Məsələlərlə bağlı Statistika Komitəsi ilə də danışıqlar aparılır".
Komitə sədri xatırladıb ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar müəyyən edilib. Amma dünya bazarlarında qiymət 75-80 dollara enə bilər. O bildirib ki, Azərbaycan dünya bazarlarında neftin qiymətinə müdaxilə edə bilməz: "Yəni neftin qiyməti proqnozlaşdırılan həddən aşağı olarsa, Azərbaycana 2 milyard dollar ziyan dəyə bilər. Bu, dünya siyasətidir və bizim ona müdaxiləmiz qeyri-mümkündür. Ancaq buna baxmayaraq, Azərbaycanda heç bir sosial proqram yarımçıq qalmayacaq".
Maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2015-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində deyib deyib ki, 2015-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasına dövlətin əsaslı xərclərindən 928 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondundan 1,341 milyard manat ayrılması planlaşdırılır.
Onun sözlərinə görə, gələn il bu layihənin reallaşdırılmasına icmal büdcənin xərcləri 2,269 milyard manat (və ya xərclərin ümumi həcminin 8,8 faizi) təşkil edəcək.
S.Şərifov qeyd edib ki, 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Dəniz Ticarət Limanının tikintisinin başa çatdırılmasına 300 milyon manat ayrılacaq.
Bundan başqa, əhalinin enerji təchizatını yüksəltmək, o cümlədən qaz və elektrik enerjisi ilə təmin etmək məqsədilə 2015-ci ildə dövlət büdcəsindən investisiya xərcləri və xarici kreditlər hesabına 1,1 milyard manat ayrılacaq.
Nazirin fikrincə, neftin qiymətinin dünya bazarlarında 60 dollara düşməsi senarisində belə, Azərbaycanda heç bir problem yaşanmayacaq". Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin 2015-ci ilin dövlət büdcə layihəsinə həsr olunan plenar iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, hazırki vəziyyətdə neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı əsaslar azdır: "Yəni neftin qiymətinin proqnozlarımıza uyğun səviyyədə olacağı ehtimal olunur".
Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov çıxışında qeyd edib ki, bu gün ölkədə bankların kapitallaşma səviyyəsi 18% təşkil edir, yəni bankların öz aktivlərinin 18%-i səviyyəsində öz kapitalları ilə təmin olunub. E. Rüstəmovun sözlərinə görə, bankların minimum kapitalına olan tələbin 50 mln. manata qaldırılması ilə bağlı qərarın verildiyi vaxtdan, yəni 2012-ci ildən bəri, bank kapitalı bu maliyyə təsisatlarının vəsaitlərinin ən aktiv artan hissəsinə çevrilib. Başqa sözlə, 2012-ci ildən bəri bankların kapitalı 1,8 dəfə artaraq aktivlərin 83%-nə çatıb: "Hazırda bank aktivlərinin təxminən 90%-ni əhatə edən banklar bu kvotaya əməl edirlər. Bizim proqnozumuza görə, bu göstərici 99%-ə çatacaq. Biz bir neçə zəif banklarla, problemi olan banklarla fərdi iş aparacağıq. Lakin burda bizim başqa ölkələrdən fərqli olaraq həddən artıq diqqətdə saxladığımız məsələ əhalinin əmanətləridir. Bankların restrukturizasiyası heç cür əhalinin mənafelərinin, onların əmanətlərinin ziyan çəkməsi hesabına aparıla bilməz. Bu məsələdə bizim kifayət qədər çevikliyimiz olacaq".
Onun sözlərinə görə yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb: "Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir. Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər"
Mərkəzi Bank rəhbərinin sözlərinə görə Azərbaycanda ipoteka kreditləşməsi hesabına indiyədək 15 400 ailə mənzil sahibi olub. Onun deyib ki, hazırda ölkədə ümumilikdə ipoteka portfeli 1 mlrd. manat təşkil edir: "Bu məbləğin təxminən 600 mln. manatı Azərbaycan İpoteka Fondunun xətti ilə verilib. Bu məbləğə dövlətin ayırdığı vəsaitlər, eləcə də fondun özünün vəsaitləri də daxildir. Bankların öz vəsaitləri hesabına isə ümumilikdə 400 mln. manat həcmində ipoteka krediti verilib".