
Maliyyə naziri Samir Şərifov parlamentin dünənki iclasında 2015-ci ili dövlət büdcəninin müzakirəsi zamanı çıxış edərək büdcədən elmə ayrılan vəsaiti artırmaq təkliflərinə toxunub.
Nazirin sözlərinə görə elmə ayrılan vəsait 143 milyon manat təşkil edir: "Bu bölmədən maliyyələşən təşkilatlara 6 milyon manat büdcədənkənar gəlir və xərcləri nəzərə alınan vəsaitdir. Bununla da elm üçün 137 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Cari illə müqayisədə bu, 4 milyon manat çox deməkdir. Lakin bu, büdcədənkənar gəlir və xərclər mütənasib şəkildə götürülür.
Əvvəlki illərin praktikası göstərir ki, elmi müəssisələrdən büdcə sifarişləri təqdim olunarkən həmin büdcədənkənar gəlirlər üzrə proqnozlar daha yüksək göstərilir. Onların icrası nəticəsində isə xeyli az məbləğlərdə vəsait daxil olur. Misal olaraq, cari il üçün elm bölməsinin büdcədənkənar vəsaitinin həcmi 14,5 milyon manat proqnozlaşdırılır. Bu da həmin müəssisələrin sifarişi əsasında formalaşır. 2015-ci ilin proqnozlarına görə də həmin daxilolmaların aşağı səviyyədə olması nəzərə çarpır. Yəni cari ilin 1 iyun proqnozuna görə, icra 400 min manat təşkil edib. 10 ay ərzində isə bu gəlirlər yalnız 1 milyon manat olub. Beləliklə, 2015-ci ilin dövlət büdcəsi hazırlanarkən daxilolmaları azaltmışıq. Bunu baxmayaraq təklifləri nəzərə alıb elmə ayrılan vəsaitləri artırmaq barədə düşünərik".
Nazir qeyd edib ki, ölkənin müdafiə sahəsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb: "İpoteka kreditlərinin genişləndirilməsi istiqamətində də hökumətlə Mərkəzi Bank arasında əməkdaşlıq var. Hesab edirəm ki, yaxın vaxtlarda əlavə təkliflər veriləcək. Aqrar sahəyə isə hər zaman xüsusi diqqət yetirilir. Bunun üçün müəyyən maliyyə mexanizmləri mövcuddur. Aqrar təhlükəsizlik məsələlərinin daha da təkmilləşdirilməsi üçün gələn ilin dövlət büdcəsində əlavə 55 milyon manat vəsait nəzərdə tutulub".