Rusiya TANAP-a qoşulur İqtisadiyyat

Rusiya TANAP-a qoşulur

Moskva 4,5 milyard dollardan artıq vəsait qoyduğu "Cənub axını" layihəsinin dayandırıldığını bəyan etdi

Ankarada srağagün "Qazprom" və BOTAŞ şirkətləri arasında 63 milyard kubmetr gücündə qaz kəmərini tikintisinə dair anlaşma memorandumu imzalanıb. Bu qazın 14 milyard kubmetrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.
Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin artıq 4,5 milyard dollardan artıq vəsait qoyduğu "Cənub axını" layihəsinin dayandırıldığını bəyan etdi.
Xatırladaq ki, TANAP-ın 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin qiyməti 10-11 milyard dollar həcmində qiymətləndirilir.
Rusiyanın Enerji Təhlükəsizliyi Milli Fondunun sədr müavini Aleksey Qrivaç bildirib ki, "Cənub axını" layihəsini dayandıran Rusiya öz qazını Avropaya çatdırmaq üçün "Trans-Anadolu" qaz boru kəmərindən (TANAP) istifadə edə bilər.
A. Qrivaç xatırladıb ki, TANAP Avropa İttifaqı ölkələrinə Azərbaycan təbii qazının çatdırılması üçün nəzərdə tutulub. Hər il boru vasitəsi ilə 30 mlrd. kubmetr Azərbaycan qazı Avropaya nəql ediləcək. "Lakin düşünmürəm ki, Azərbaycan bu boru kəmərini 15 milyard kubmetrdən artıq qazla təmin edə bilsin. Bu səbəbdən də qalan 15 milyard kubmetr qazı "Qazprom" verə bilər".
Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız isə deyib ki, Rusiya və Türkiyə arasında qaz tədarükləri barədə əldə olunan razılaşma Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılmasına heç cür təsir etməyəcək.