Azərbaycan nefti 65 dollardan aşağı düşdü İqtisadiyyat

Azərbaycan nefti 65 dollardan aşağı düşdü

ARDNŞ: "Son zamanlar dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı heç bir ixtisar gözlənilmir"

"BP-Azerbaijan": "İndiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq"

AHİK: "Neft şirkətlərində iş yerlərinin ixtisarı ilə bağlı bizə müraciətlər daxil olmayıb"

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX birjasında "Layt" markalı neftin bir barreli 2,88 dollar ucuzlaşaraq 60,94 dollar, Londonun İCE birjasında isə "Brent" markalı neftin bir barrelinin qiyməti 2,6 dollar azalaraq 64,24 dollar olub. Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, "AzəriLayt" markalı neftin bir barreli London birjasında 2,83 dollar ucuzlaşaraq 64,96 dollar təşkil edib.
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) son zamanlar dünya bazarında neftin qiymətinin kəskin enməsi ilə bağlı şirkətdə ixtisarların olub-olmayacağına münasibət bildirib.
ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, şirkət heç bir ixtisara əl atmaq niyyətində deyil: "ARDNŞ-də son zamanlar dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı heç bir ixtisar gözlənilmir".
Xatırladaq ki, Böyük Britaniyanın neft-qaz nəhəngi olan BP-nin baş icraçı direktoru Bob Dadli yerli "Guardian" qəzetinə açıqlamasında bildirib ki, neftin kəskin ucuzlaşması ilə bağlı şirkət gələn il məcburi ixtisarlar edəcək. İxtisarlar şirkətin Azərbaycandakı nümayəndəliyini də əhatə edəcək. B. Dadlinin sözlərinə görə, şirkət ixtisarlara 1 mlrd. dollar xərcləyəcək.
"BP-Azerbaijan"dan da işçilərin ixtisarı məsələsi ilə bağlı açıqlama verilib. "BP Azerbaijan" şirkətinin gələn il gözlənilən ixtisarlarla bağlı açıqlamasında qeyd olunub: "BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzunmüddətli və çox əhəmiyyətli layihələrdir.
BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək.
Bununla belə, aydındır ki, indiki mühitdə biz rəqabətqabiliyyətliliyimizi daha da artırmaq üçün imkanlara baxırıq, o cümlədən lazımsız mürəkkəblikləri aradan qaldırmaq və səmərəliliyi artırmaq imkanlarına baxırıq. Bu imkanlar əsasən əməliyyat proseslərimizin, təchizat fəaliyyətlərimizin və təşkilatımızın daha sadə və səmərəli olması istiqamətlərindədir. Təbii, bunlar biznes fəaliyyətinin tələblərinə uyğundur və bizim daha rəqabətqabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə, əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi və obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərindən kənara yayınmayacaq. Bunlar bizim əsas diqqət sahələrimiz olaraq qalacaq. Bu, bizə imkan verəcək ki, təhlükəsiz və etibarlı biznes əməliyyatları aparmaqla yanaşı, biz həm də daha güclü və daha rəqabətqabiliyyətli olaq".
"Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) neft şirkətlərində iş yerlərinin ixtisarı ilə bağlı müraciətlər daxil olmayıb". Konfederasiyadan "BP Azerbaijan" şirkətinin əməkdaşlarının ixtisarına dair planları haqqında məlumatı şərh edərkən deyiblər.
Konfederasiyadan bildiriblər: "BP şirkətində həmkarlar təşkilatı yoxdur. Biz bir neçə il onun yaradılması üçün çalışmışıq, lakin şirkət rəhbərliyi bunu etməyə razılıq vermədi. Bunu onunla əsaslandırdı ki, işçilər üçün onsuz da hər cür şərait (sosial və digər) yaradırıq, onların həmkarlar təşkilatına ehtiyacları yoxdur. Ona görə də bizim BP ilə heç bir əlaqəmiz yoxdur və onlardan heç bir müraciət almamışıq. İş yerlərinin ixtisarı haqqında məsələni onlar özləri həll edəcəklər".
AHİK-dən deyildiyi kimi, Konfederasiyaya daxil olan şirkətlərdən iş yerlərinin ixtisarı ilə bağlı heç bir müraciət daxil olmayıb.
Başqa şirkətdə belə bir faktın olmadığını agentlik tərəfindən aparılan sorğu da təsdiqləyir.
İri hasilat layihələrinin iştirakçısı olan Türkiyənin TPAO şirkəti Azərbaycandakı personalını ixtisara salmaq niyyətində deyil. Bu barədə Trend-ə şirkətin Bakı nümayəndəliyindən neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar personalın optimallaşdırılmasına dair planların mümkünlüyü barədə suala cavab verərkən deyiblər.
TPAO-dan deyildiyi kimi, şirkət Azərbaycanda bir ofislə, az sayda işçi ilə təmsil olunur və personalın optimallaşdırılmasına dair planlara malik deyil.
Nümayəndəlikdən deyiblər: "Məlumdur ki, bu il şirkətimiz "Şahdəniz" layihəsində öz payını artıraraq onu 19 faizədək çatdırıb. Bu fakt artıq şirkətimizin Azərbaycandakı niyyətlərinin təsdiqləyir".
"Lukoil Azerbaijan"dan deyiblər ki, şirkət Azərbaycanda neft məhsullarının satışı ilə məşğul olur və ona görə də neftin qiymətlərinin azalmasının şirkətin ölkədəki fəaliyyətinə heç bir təsiri yoxdur.
Hazırda Azərbaycanda "Lukoil" brendi altında 46-ya yaxın yanacaqdoldurma məntəqəsi çalışır.
Azərbaycanda təmsil olunan neft-qaz şirkətlərinin böyük hissəsi əməliyyat fəaliyyəti ilə məşğul olmur və kiçik işçi ştatına malik ofislərə malikdirlər ki, bu da neftin qiymətlərinin azalmasının ölkədəki şirkətlərin kadr siyasətinə təsiri imkanlarını minimuma endirir.
BP şirkəti "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri layihələrinin iştirakçısıdır.
Britaniyanın BP şirkəti 2015-ci ildə iş yerlərinin məcburi ixtisarı ilə əlaqədar bir milyard dollar vəsait sərf edəcək.
Ekspertlərə görə dünya bazarında neftin ucuzlaşması tendensiyası hələ davam edəcək və indiki qiymət son hədd deyil. Amma İtaliyanın "Eni" neft-qaz şirkətinin rəhbəri Klaudio Deskaltsinin yanaşması fərqlidir. Onun fikrincə, gələn il dünya bazarında neftin bir barelinin qiyməti 70 dollar təşkil edəcək. Üstəlik, əlavə edib ki, 2016-cı ildə artıq neftin qiyməti müntəzəm olaraq artmağa başlayacaq: "Biz ehtimal edirik ki, 2015-ci ildə neftin bir barelinin qiyməti 65-70 dollar təşkil edəcək. Bu qiymət bundan da aşağı düşə bilər, amma sonradan hazırda müşahidə olunan səviyyəyə qayıdacaq. Qiymətdəki düşmə gələn ilin sonuna qədər davam edəcək və 2016-cı ildən qiymətin müntəzəm olaraq artmağa başlayacaq".
K. Deskaltsi bildirib ki, neftin bir barelinin 1 dollar ucuzlaşması şirkətə il ərzində 90-100 mln. avro ziyan vurur.